“Zirə”nin futbolçusu Məqsəd İsayev Sportinfo.az-a müsahibə verib.
29 yaşlı müdafiəçi komandasının “Araz-Naxçıvan”a yenilgisindən soonra (0:1) ortaya çıxan sualları cavablandırıb.
- Liderin debütanta uduzmasını nə ilə əlaqələndirə bilərsən?
- Futbolda bu cür hallar baş verir. Hər iki komanda ehtiyatlı oyuna üstünlük verirdi. Fikrimcə, bərabərsəviyyəli oyun getdi. Məğlub olmuşuqsa, həvəsdən düşməli deyilik. Əksinə, səhvlərimizdən nəticə çıxarıb gələcək matçlarda onları təkrarlamamalıyıq.
- Son 4 görüşdə cəmi 1 qələbə qazanmısınız. Sanki liderliyi əldən vermək təhlükəsi üzərinizdə əlaqə təzyiq yaradır.
- Belə düşünmürəm. Məncə, ilk pillədə olmağımız bizə rahatlıq verir, nəinki təzyiq yaradır. Yol verdiyimiz ani diqqətsizliyə görə xallar itirmişik. Ona görə deyirəm ki, səhvlərdən nəticə çıxarmalıyıq. Hər dəfə udmaq olmur. Uduzmağı da bacarmaq lazımdır. “Turan Tovuz”la matça hazırlaşacağıq. İnşallah, qalib gəlib vəziyyəti düzəldərik.
- Oyundan sonra Rəşad Sadıqovun reaksiyası necə oldu? Nə dedi sizə?
- Normal idi. Dedi, bu oyunu unudub gələcək oyunlara hazırlaşmalıyıq.
- Cari mövsümdə öz çıxışını necə dəyərləndirirsən?
- Normal olduğunu düşünürəm. Daha da yaxşı ola biləcəyinə inanıram.
- Millidə oynamaq həsrəti bitənə oxşayır?
- Allah qismət edərsə, oynayaram. Nə vaxt məsləhət bilib çağırsalar, can-başla yığmamızı təmsil etməyə hazıram.
HƏBİB

