
1994-1998-ci illər aralığında Azərbaycan millisinin qapısını qoruyan Aleksandr Jidkov məşqçilik karyerasını ölkəmizdə davam etdirməyi qərara alıb.
“İrəvan”da Nazim Süleymanovun köməkçisi kimi çalışan 58 yaşlı mütəxəssis bir aya yaxındır ölkəmizdədir.
Jidkov Sportinfo.az-a müsahibə verib.
- Təxminən 25 illik fasilədən sonra qayıtdığınız Bakıda özünüzü necə hiss edirsiniz?
- Sizcə, Bakıda özünü pis hiss etmək olar? Özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Bakını görən kimi gənclik illərimə qayıtdın. Amma bu dəfə əvvəlkinə nisbətən təcrübəliyəm (gülümsəyir).
- Yəqin ki, şəhəri gəzmək üçün kifayət qədər vaxtınız olub. Paytaxt çoxmu dəyişib?
- Düzünü desəm, hələ gəzməmişəm. Sözsüz, 40 il keçəndən sonra yaxşı mənada dəyişikliklər çoxdur. Bakıya ilk dəfə 18 yaşımda gəlmişdim, indi 58-dir artıq. Əsas odur vəziyyət yaxşıya doğru inkişaf edir, gözəlliklər göz oxşayır. Yeganə dəyişməyən buranın insanlarıdır. O vaxt necə qonaqpərvər və gülərüz idisə, bu gün də elədirlər.
- Ailəniz də sizinlədir?
- Təxminən bir həftədən sonra gələcəklər. Hələ ki təkəm.
- Premyer Liqamızı izləyirsiniz?
- Əlbəttə. Buradayamsa və futbol adamıyamsa, baxmalıyam. Dostum Şahin Diniyevin komandası uğurlu çıxış edir. Millini də diqqətdə saxlamağa çalışıram. Əmin olun, “mətbəxin” içindəyəm.
- Gənclik dostlarınızla da görüşürsünüz yəqin.
- Təxminən 10 gün əvvəl bir məclisdəydik. İş elə gətirdi ki, çoxunu orada görə bildim. İsgəndər Cavadov, Maşallah Əhmədov, Asim Xudiyev, Asif Əliyev - əksəriyyət orada idi. Əla fürsət yarandı mənim üçün. Gəncliyimizi yada saldıq, xoş xatirələrimizi bölüşdük.
HƏBİB