“Məndə günah çoxdur, bəzi ağılsızlıqlar etmişəm” – Məşhur sima sükutu “Sportinfo”yla pozdu

29 Sentyabr 2023 20:20 Müsahibə 2 810
“Məndə günah çoxdur, bəzi ağılsızlıqlar etmişəm” – Məşhur sima sükutu “Sportinfo”yla pozdu

Ölkənin ən istedadlı sol cinah müdafiəçilərindən hesab olunan, vaxtilə Azərbaycan millisində keçirdiyi oyunlar və vurduğu qollarla adından söz etdirən Təmkin Xəlilzadə böyük futboldan uzaq düşüb.

Bir ay əvvəl 30 yaşı tamam olan futbolçu Premyer Liqa klublarına lazım olmadığından minifutbola üz tutub və hazırda Azərbaycan millisinin heyətində Türkiyədə təlim-məşq toplanışındadır.

“Zirə”dən ayrılandan sonra son 9 ayda yazılı mətbuata müsahibə verməyən Təmkin sükutu “Sportinfo”ya danışmaqla pozdu.

- Bələk şəhərindəki təlim-məşq toplanışı necə keçir?

- Sentyabrın 23-dən buradayıq. Gündə iki dəfə olmaqla məşqlərimizi davam etdiririk. Səhər çalışmaları fiziki hazırlığa hesablanıb, axşam hazırlığında isə toplu məşqlər olur. Şükürlər olsun, hər şey qaydasındadır, hər cür şərait yaradılıb. Dünya çempionatına ciddi şəkildə hazırlaşırıq.

- Dünya çempionatında millimizdən nə gözləmək olar?

- Özünüz də bilirsiniz ki, minifutbolda yeniyəm. Rəqib klub və millilər haqda ətraflı məlumatlara sahib deyiləm. “Birbaşa” ilə Çempionlar Liqasına gedəndə belə, oradakı komandaları yaxından tanımırdım. Bizimlə eyni qrupda yer alan Tunis, Misir və İraq haqda hələ ki məlumatsızam. Oyunlar yaxınlaşdıqca baş məşqçimiz Elşad Quliyev lazım olan informasiyaları verəcək. Onu deyə bilərəm ki, qrup mərhələsini adlamaq üçün əlimizdən gələni edəcəyik.

- Mundialda hədəf nə olacaq?

- Dediyim kimi, əsas hədəf qrupdan çıxmaqdır. Millimiz son Avropa çempionudur. Bu adı layiqincə təmsil etmək üçün bacardığımız qədər irəli boylanacağıq. Dünyaya təsadüfən Avropa çempionu olmadığımızı göstərməli, ölkəmizi layiqincə təmsil etməliyik.

- Böyük futbolda rahat idin, yoxsa minifutbolda?

- Söhbət məndən gedirsə, böyük futbol deyərdim. Çünki uşaq yaşlarımdan futbolda olmuşam, peşəkar səviyyədə 10 il oynamışam. Futbolda konkret mövqeyim var idi və üzərimə düşən yükü bilirdim. Belə deyim də, gözümü açıb futbolu görmüşdüm. Minifutbolda isə tam fərqli sistemdir, burada standart vəziyyətlərə daha çox önəm verilir.

- Futbol üçün darıxırsan?

- Nə yalan deyim, hə, darıxıram. Uşaq futbolunu saymıram, 10 il Premyer Liqada oynamışam. 30 yaşımda futboldan uzaq düşmək təbii ki çətindir.

- Futbolun “kitabının bağlandığını” deyə bilərik, yoxsa qayıtmaq fikrin, istəyin var?

- Allahdan ümid kəsilməz. Həyatdır, hər an hər şey ola bilər. Futbol mənim həyatımdır, oynamaq istəyirəm. Amma təklif olmayandan sonra nə edə bilərəm? Futbolda az da olsa adımdan söz etdirə bilib milliyə qədər yüksəlmişdim. Bu gün yenə Azərbaycan yığmasındayam, amma minifutbolda. Əsas olan ölkəmizin adını layiqincə təmsil etmək, bayrağımızı uca tutmaqdır. Futbolda necə can qoyurdumsa, burada da can-başla oynayacağam. Futbol, minifutbol, yaxud güləş – fərq etmir, Azərbaycanın adı olan istənilən yerdə canımı verməyə hazıram.

- Premyer Liqa klubları niyə səndən üz çevirib?

- Maraqlı sualdır. Açığı, özümə də qaranlıq qalıb. Açığı, dekabrdan sonra 1-2 söhbət olmuşdu, amma konkretliyə kimi getmədi deyə yarımçıq qaldı. Sonra Qazaxıstandan təklif oldu. Ümumi söhbətimiz olsa da, maliyyədə razılaşmadıq.

- İnsan təkliyə qapılanda özü ilə danışır. Mütləq ki, sən də klubların niyə sənin xidmətinə ehtiyac duymaması sualını özünə vermisən.

- Bəli, olub.

- Bəs, içindəki Təmkin nə cavab verib?

- Hamı bilir ki, rejimlə bağlı problemim olub. Gecə yuxusuzluğu, məşqə gecikmək, meydandakı çılğınlıq və sair. Demirəm ki, futbolçu nə istəyir etməlidir, şəxsi həyatını sırf öz istəyinə uyğun qurmalıdır. Yox! Hər nə qədər rejimə riayət etməsəm də, meydanda can qoymuşam, komandaya fayda vermişəm. Rejimsizliyim baş məşqçilərin xoşuna gəlməyə bilər, amma meydanda mənə mane olmayıb. Bəli, gecikmişəm, yatıb qalmışam. İnanmıram ki, bunları edən təkcə mənəm.

- İndiyə kimi klublardan heç kim səninlə əlaqə saxlamayıb?

- Ad çəkməyəcəyəm, baş məşqçidən soruşublar ki, Təmkin azad agentdir, nə əcəb götürmürsünüz? Deyib, intizam problemi var, meydanda tez-tez dava edir, hakimlərlə münaqişəyə girir. İntizam məsələsini başa düşürəm. Ancaq digər sözlərə gəlincə, futbol emosiyalar üzərində qurulmuş oyun növüdür. Avropanın aparıcı ölkələrində də bəzən bu cür hallara rast gəlirik.

- Gələcəkdə baş məşqçi olsan Təmkin Xəlilzadə xarakterindəki futbolçunu komandana götürərsən?

- Söhbət sırf Təmkin Xəlilzadədən gedirsə, bəli, götürərəm. Ən azından meydandakı işini və karyerasını nəzərə alaram. Şükürlər olsun, hansı komandada oynamışamsa canımı qoymuşam. İndiyə qədər hansısa komandada davamlı 3-4 oyunda ehtiyatda oturduğum yadıma gəlmir. Amma bu o demək deyil ki, futbolçu bacarıqlıdırsa, şəxsi həyatında istədiyini etməlidir. Futbolçu rejimə riayət etməlidir.

- Bundan sonra hansısa komandadan təklif alsan, yenə əvvəlki Təmkin olarsan, yoxsa nələrisə dəyişərsən?

- Mənim böyük problemlərim olmayıb axı nələrisə dəyişim. Dediyim kimi, yatıb qalmışam, məşqə gecikmişəm. Ancaq bu, tək mənim başıma gələn iş deyil də.

- Yaxşı, sualı belə qoyum, geriyə qayıtmaq imkanın olsaydı, özündə nələri dəyişərdin?

- Bəzi ağılsızlıqlarım var idi ki, onları etməzdim.

- Məsələn, nələri?

- Hamını özüm kimi bilib inanmazdım, hər yerdə hər şeyi danışmazdım, rejimə fikir verərdim.

- Cavid İmamverdiyev, Ruslan Qurbanov, Araz Abdullayev və Təmkin Xəlilzadə. Bu futbolçuları nə birləşdirir?

- Bu yaxınlarda elə sizin saytda bu barədə yazı oxumuşdum. İstedadı yüksək olub, sonradan gözdən itən futbolçularla bağlı məqalə idi.

- Bəli, mən yazmışdım.

- Yəqin ki, sualı verməkdə məqsəd intizamsızlıq və xarakterlə bağlıdır. Razıyam, daha intizamlı olsaydıq və xarakterimizi bir az düzəltsəydik, adlarını çəkdiyiniz futbolçuların hər biri bu dəqiqə Premyer Liqada gəzə-gəzə oynayardılar. Bəli, məndə günah çox olub. Amma yenə deyirəm... Özümdə qalsın, nə isə.

- Ölkənin ən yaxşı sol cinah müdafiəçilərindən biri, bəlkə də birincisi idin. Millinin daimi üzvünə çevrilmişdin, Xorvatiyanın qapısına vurduğun Messisayağı qol haqda uzun müddət danışıldı. Sənə elə gəlmir ki, vəziyyətin bu yerə gəlməsində “ulduz xəstəliyi”də özünü göstərdi.

- Xeyr-xeyr, qətiyyən! Valllah, özümü heç vaxt böyük hesab etməmişəm, kobud çıxmasın, qoltuqlarımın altında heç vaxt qarpız olmayıb. Əksinə, üzdə olmağım, milliyə dəvət olunmağım mənə daha çox motivasiya verirdi. Düşünürdüm ki, bu gün bunu etdimsə, sabah daha artığını edə bilərəm.

- Sən həm də ölkədə yaxşı pul qazanan futbolçulardan olmusan. Qazandıqlarından özünə gün-güzəran qura bilmisən?

- Allahıma şükürlər olsun, hər şey qaydasındadır, əladır. Bu gün nəyəsə ehtiyacım yoxdur, kiməsə ağız açmıram. Hə, o başqa məsələ ki, daha yaxşı ola bilərdi. Ancaq bugünkü günümə şükür edirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!