
“Qəbələ” bugünlərdə heyətini yeni futbolçu ilə gücləndirib.
Bölgə təmsilçisi 27 yaşlı hücumçu Samuel Tettehlə 2 illik müqavilə bağlayıb.
Karyerası ərzində Avstriyanın yüksək dəstəsində “Zalsburq” (bu komanda ilə ölkə çempionu olub), LASK, “Sankt Polten”, Türkiyənin Birinci Liqasında “Adanaspor”la “Bandırmaspor”un şərəfini qorumuş qanalı forvard Sportinfo.az-a müsahibə verib.
- Yeni mühit, yeni iş yeri. Azərbaycanda özünü necə hiss edirsən?
- Təbii, bu, mənim üçün yeni çağırışdır. İlk dəfə ayaq basdığım ölkəyə uyğunlaşmaq elə də çətin deyil. Komandada məni xoş qarşıladılar, hər kəs əlindən gələn köməyi etməyə çalışır. Hansısa çətinliyim yoxdur.
- Bura gəlməmişdən əvvəl ölkəmiz və futbolumuz haqda hansı bilgilərə sahib idin?
- Vaxtilə Premyer Liqanızda top qovmuş bəzi dostlarım var. “Qəbələ”dən təklif alanda onlarla danışdım, məsləhətləşdim. Yalnız xoş sözlər eşitdiyimi deyə bilərəm. Bunun üçün də düşünməyə vaxtım olmadı. Qərar verib, çantamı yığıb gəldim. Maraqlı çempionatınız var.
- Son 2 ili Türkiyədə keçirdiyini nəzərə alsaq, bu ölkə ilə Azərbaycan arasındakı hansı bənzərliklərin olduğunu deyə bilərsən?
- Oxşarlıqlar çoxdur. Bura gələndən sonra bildim ki, dilləriniz və yeməkləriniz eynidir (gülür). Türk dilində danışmasam də, bəzi sözləri bilirəm: nasılsın, merhaba, iyimisin, nerdesin. Açığı, uyğunlaşma dövrünü tez başa vurmağımda iki ölkə arasında oxşarlıqların olmasının böyük rolu oldu. İnsanlarınız da türklər kimi mehriban və qonaqpərvərdir.
- Azərbaycan Premyer Liqasının səviyyəsi haqda nə deyə bilərsən?
- Açığı, canlı olaraq elə də çox oyun izləməmişəm. Baxdığım matçlara əsasən çempionatın səviyyəsinin yaxşı olduğunu deyə bilərəm. Eşitdiyimə görə, “Qarabağ”, “Neftçi” və “Sabah” imkan, şərait və nəticələr baxımından digərlərini üstələyir. Azərbaycan təmsilçilərinin avrokuboklarda uğurlu çıxış etməsi də çempionatın səviyyəsinin göstəricisidir. Digər tərəfdən komandalar arasında gərgin rəqabət var. Turnir cədvəlindəki vəziyyətə baxanda bunu görmək mümkündür.
HƏBİB