
“Kəpəz”in nigeriyalı futbolçusu Olavale Onanuqa Sportinfo.az-a müsahibə verib.
25 yaşlı yarımmüdafiəçi komandasının “Səbail”ə 0:3 hesablı məğlubiyyətini dəyərləndirib, digər sualları cavablandırıb.
- Ağır yenilginin səbəbini nədə görürsən?
- Özümü çox pis hiss edirəm. Nə danışacağımı, nə deyəcəyimi bilmirəm. Nə baş verdiyini anlamaqda çətinlik çəkirəm.
- Nə baş verdi?
- Mövsüm başlayandan bu yana bəlkə də ən pis oyunumuzu keçirdik. Ardıcıl səhvlər vəziyyəti bu yerə gətirdi. Səhvlər çox olanda buraxılan qolların sayı da çoxalır.
- “Turan Tovuz”, “Araz-Naxçıvan”, indi də “Səbail”ə yenilgilər. Səhvlər nə vaxt bitəcək?
- Səhvi təkcə biz etmirik, bütün komandalar edir. Səhvlər olmasa, rəqiblər qol vura bilməz. Sadəcə bunun həddi olmalıdır. Xüsusilə doğma meydanda oynayanda sayıqlığı artırmalıyıq. Bu qədər azarkeşi evlərinə üzgün yola salmaq çox ağırdır. Bu cür davam edə bilməz. Mütləq dəyişikliklər etməliyik, çıxış yolları tapmalıyıq. Ən qısa zamanda fanatlarımızı sevindirəcəyimizə inanıram.
- Klubda, komandada hər şey qaydasındadır?
- Bəli-bəli. Hansısa problemdən söhbət gedə bilməz.
- Maaşlar, mükafatlar vaxtı-vaxtındda verilir.
- Əlbəttə.
- Məşq etmək, oynamaq üçün hansısa əngəl var?
- Xeyr. Hər şey yaxşıdır.
HƏBİB