COP29

Millimizin sabiq oyunçusu biznesə girişib: “Futboldan gələn pul daha şirin idi”

15 Sentyabr 2023 20:00 Müsahibə 1 166
Millimizin sabiq oyunçusu biznesə girişib: “Futboldan gələn pul daha şirin idi”

Vaxtilə Premyer Liqada seçilən futbolçulardan bəziləri sevib-seçdiyi peşədən uzaq düşüb.

Hazırda futbol sahəsindən kənar qalanlardan biri də Rövşən Əmiraslanovdur.

Karyerasına “Şəmkir”də başlayan, sonradan MOİK, “Masallı”, “Karvan”, “Simurq”, “İnter”, “Qəbələ”, “Bakı” kimi komandaların şərəfini qoruyan, Azərbaycanın bütün yaş qruplarından ibarət millilərinin şərəfini qoruyan şəmkirli sabiq futbolçu.

Rövşən zədə səbəbindən karyerasını erkən başa vurdu və bununla da futboldan uzaqlaşdı. İndi əsas məşğuliyyəti top və yaşıl meydan yox, sahibi olduğu mağaza ilə orada satılan paltarlardır.

37 yaşlı Əmiraslanovla bir çox mövzular ətrafında söhbətləşdik.

- Şəmkirin eyniadlı komandası İkinci Liqada mübarizə aparır. Oyunlarını izləyirsən?

- Ev oyunu zamanı Şəmkirdə yox idim, açığı. Burada olsaydım, stadiona gedib baxardım. Allahın izni ilə növbəti oyunlarını izləyərəm. “Şəmkir”dir, sevimli komandamızdır, biz gedib baxmasaq, kim gedəcək?

- Sanki soyumusan futboldan?

- Yox, elə deməzdim. Sadəcə, problemlər o qədərdir ki, onların həllinə çalışırıq. Maşallah, vaxt ötür, uşaqlar böyüyür, bir tikə çörəyə görə ora-bura qaçırıq. Ona görə də futbolu əvvəlkitək diqqətdə saxlamaq olmur.

- Vaxtilə Premyer Liqada oynayanların bəzilər indi aşağı liqalarda top dalınca qaçır. Ağlından futbolçu kimi “Şəmkir”ə kömək etmək keçmir ki?

- Arada dostlarla yığışıb oynayırıq. Bir neçə il əvvəl “Şəmkir” Birinci Divizionda oynayanda belə bir fikrim var idi. Baxdım ki, hamıya bəlli olan bəzi iyrəncliklər var, çəkildim kənara. İllərlə Premyer Liqada oynamışam, ad-sanımı qorumuşam, bundan sonra da kiminsə ucbatından adımın çirkin əməllərdə hallanmasına imkan vermərəm.

- İndi elə şeylər yoxdur mən bilən.

- Hə, şükürlər olsun, indi sakitlikdir. Ancaq futbol oynamağım bir az çətin məsələdir. Dediyim kimi, uşaqlar böyüyür, kiçik sahibkarlıqla məşğul oluram deyə daim ora-bura gedib-gəlirəm. İndiki işimlə liqada futbol oynamağım alınmaz. Üstəlik, özüm də Şəmkir UGİM-ində məşqçi-müəllim işləyirəm. Təxminən 60 nəfər uşaq rəhbərliyim altına futbolla məşğul olur. Azərbaycan çempionatında yarışan yaş qrupum var. Əlavə olaraq mini futbol meydançamızda da uşaqlara futbolun sirlərini öyrədirik. Deməyim odur ki, tam uzaqlaşmamışam, futbolun içindəyəm. Sadəcə, oynamaq məsələsi alınmır.

- Premyer Liqa matçlarına baxırsan?

- İmkan olandan olana dostlarla Tovuza gedib baxırıq. Daha çox komandalarımızın avrokubok görüşlərini izləyirik.

- Nə əcəb məşqçilik kateqoriyan yoxdur?

- Nə gizlədim, bir ara gedib oxumaq istəyirdim. Atamı itirəndən sonra evin, ailənin bütün yükü mənim üzərimdə qaldı. Düşündüm ki, gedib oxuyub kateqoriya almalıyam, sonra da ilk addımlarımı uşaq futbolunda, ən yaxşı halda əvəzedici komandada atmalıyam. Orada da ailəni düz-əməlli dolandırmaq üçün normal maaş vermirlər. 500, uzağı 1000 manat. Bir neçə il bu maaşa işləməliyəm ki, nə vaxtsa əlim çörəyə çatar. Uşaqlar da böyüyür. Deyə bilmirsən ki, geyinmə, yemə, gəzmə, imkan yoxdur, mən hələ uşaq futbolunda işləyirəm. Uşaq futbolundan başlamalısan, sonra haradasa köməkçi-məşqçi kimi çalışmalısan, Allah qismət edər nə vaxtsa baş məşqçi olarsan. Bunun üçün illər lazımdır. Bu şeyləri düşündüm və anladım ki, baş məşqçi olmaq üçün azı 6-7 il vaxt sərf etməliyəm.

- Bildiyimə görə bizneslə məşğulsan.

- Hə, kiçik biznesdir. Dükanlardır, paltar işindəyəm.

- Alındıra bilirsən?

- Allaha şükürlər olsun, dolanırıq.

- Ticarətdən gələn pul şirindir, yoxsa futboldan?

- Mənim üçün futbolda daha rahat idi. Hər bir insan üçün sevdiyi sənətdə qazandığı pul daha şirin olur. Açığı, biznes də mənə yad deyil. Gözümü açandan valideynlərimi biznes sahəsində görmüşəm. Ona görə də bu işə öyrəşmək mənə çətin olmadı. Sadəcə, futbol ona görə rahat idi ki, bu oyuna həm idman və əyləncə gözü ilə baxırdım, həm də ailəmi dolandırırdım.

- Futbol oynayanda maaşdan əlavə qələbələrə görə mükafat da alırdın. Maraqlıdır, ticarətin “premiya”sı nədir?

- Ticarətin “premiya”sı sezondur. Hansısa bayramlar, məktəbqabağı günlər... Adi gündə bir qazanırsansa, sezonda üç qazanırsan. Sadəcə, bundan normal şəkildə yararlanmaq lazımdır.

- Futbol oynadığın dönəmdə meydanı görmə qabiliyyətin yaxşı idi. Ticarətdə necə, mal almağa gələn və qiymət soruşub çıxan müştəriləri ayırd edə bilirsən?

- Hərəsinin öz yeri var. Ancaq mənə elə gəlir ki, futboldakı görmə qabiliyyətim daha yaxşı idi. Ticarətdə necə olacağımı gələcək göstərəcək. Hələ ki, burada ilk addımlarımı atıram, 3-5 ildir. Müştərini tanımaq, “oxumaq” üçün təcrübə lazımdır. Futbolda necə, burada da elə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti