"Azərbaycanda özümdən güclü futbolçu tanımıram, əziyyətimi onlara halal eləmirəm”

13 Sentyabr 02:10 Müsahibə 12 476
"Azərbaycanda özümdən güclü futbolçu tanımıram, əziyyətimi onlara halal eləmirəm”

Millimizin sabiq futbolçusu Cavid İmamverdiyev "Kəpəz”də oynadıqdan sonra karyerasını bitirdi.

Peşəkar Liqada sonuncu dəfə Gəncə klubunun formasını geyindikdən sonra butslarını mismardan asan futbolçu "Sabah”ın aşağı yaş qruplarında məşqçiliyə başlayıb.

Ancaq o, futbol oynamağı tamamilə dayandırmayıb. Peşəkar futbolçu karyerasını bitirsə də, hazırda Azərbaycanın yarımhəvəskar çempionatı sayılan İkinci Liqada "Kür-Araz”ın heyətində meydanlara çıxır.

33 yaşlı yarımmüdafiəçi ilk turda qol da vurmağa nail olub.

Sportinfo.az xəbər verir ki, vaxtilə Türkiyədə legioner həyatı yaşamış İmamverdiyev qaynarinfo-ya müsahibəsində həm çıxış etdiyi liqadan, hazırkı durumundan, millimizdən həm də Azərbaycan Premyer Liqasından danışıb.

- Artıq İkinci Liqada iki tur geridə qalıb. Daha peşəkar liqalarda oynamış təcrübəli futbolçu kimi təəssüratlarınız necədir?

- Sizə deyim ki, İkinci Liqaya dəhşətli dərəcədə maraq var. Heç Birinci Liqaya belə diqqət yoxdur. Bu da Azərbaycan üçün sevindirici haldır. Aşağı liqa olsa belə, fərqi yoxdur, xalqımız futbolu sevdiyini sübut edir. Könül istərdi ki, Misli Premyer Liqasında da ən azı 20 komanda olsun. Regionlarımızda oynayırıq və həqiqətən futbolun çox sevildiyini görürük. Komandaların artması Premyer Liqaya həqiqətən çox maraq qatar.

- İkinci Liqanın cəlbedici tərəfləri, marağın yüksək olmasının səbəbi nədir?

- İlk növbədə, əlbəttə, futbolu azarkeşlər maraqlı edir. Hansı regiona gedirsənsə, fərq etməz, ən azı 1000-2000 azarkeş gəlir. Bizim də oyunları hədsiz çox tamaşaçı izləyir. Açığı, bunu heç gözləmirdim.

- Ümumiyyətlə, ikinci Liqanı seçməyə sizi vadar edən nə oldu? Futbol oynamaq istəyi, yoxsa az da olsa, qazanmaq?

- Bir futbolçuya məncə, bu sualı vermək düz deyil. Fərq etmir, neçə yaşın olur-olsun, futbolçu futbol adı gəldisə, qaça-qaça gedib oynayacaq. Nəyinsə onu vadar etməsinə ehtiyac yoxdur. Futbolla böyüyən, yaşayan insan, 60 yaşı olsa da, gedib oynayacaq. "Kür-Araz”dan təklif gəldi. Düzdür, artıq çəkim var, amma belə bir təklifin olması mənə xoş idi. Özüm hazırda "Sabah”ın U-15 komandasında məşqçilik edirəm. Futbolçu kimi təklifə isə "yox” demədim. Ümumiyyətlə, belə təkliflərdən imtina etmərəm.

- Artıq çəkiniz sizi narahat etmir?

- Heç bir narahatlıq yoxdur. Düzdür, futbolçu üçün artıq çəki hər zaman artıqdır. Amma nə etmək olar, məni belə görüb, qəbul ediblər. Arıq vəziyyətimdə dəvət etməyiblər. Lakin deyərdim ki, komandaya artıqlaması ilə köməyim dəyir.

- Fiziki durumunuz hansı səviyyədədir?

- Normaldır, çünki hər gün aktivəm, uşaqlarla birlikdə çalışıram. Məşqçi hər gün aktiv olur. Demirəm, fiziki durumum dəhşətli dərəcədə yaxşıdır. Ancaq normaldır. Hər halda stabillik var ki, oyunlarda 90 dəqiqə meydanda oluram. Yeganə problem artıq çəkidir.

- Məşqçilik işindən vaxt ayırıb gündəlik məşqlərə qoşula bilirsiniz?

- Gündəlik məşqlər yoxdur. İkinci Liqada elədir ki, ancaq oyundan-oyuna komandaya qoşuluram. Hər gün uşaqlarla məşğul oluram. Düzdür, məşq etməsən, oynamaq çətin olar. Ancaq mən qoca məşqçi deyiləm axı, gəncəm. Uşaqlarla birlikdə hər gün hansısa məşqləri göstərən zaman əziyyət çəkirsən. Məşqçilik asan iş deyil, ən azı tər tökürsən.

- Doğulduğunuz Şəmkir rayonu da ölkə çepionatında təmsil olunur. Bu klubdan təklif almışdınız?

- Xeyr, o klubdan təklif gəlməmişdi. Gəlsə belə, "yox” deməzdim. Çünki Şəmkir torpağımdır, anadan olduğum yerdir. Ümumiyyətlə, İkinci Liqada yalnız "Kür-Araz”dan təklif almışdım. Halbuki beynimdə də futbol oynamağı artıq bitirmişdim. İnşallah, təvazökarlıq olmasın, futbolçu kimi necə ad çıxarmışamsa, məşqçi kimi də eynisini təkrarlamaq istəyirəm. Balaca balalarımıza futbolun hansısa sirlərini öyrədə bilirəmsə, bundan ləzzət alıram.

- Yeri gəlmişkən, İkinci Liqada ilk qolunuzu "Şəmkir”lə oyunda vurdunuz. Doğulduğunuz rayonun komandasına qol vurmaq necə hissdir?

- Sırf futbolçu hisslərindən danışırıqsa, "Şəmkir”də oynamamışam. Amma qol vuranda sevinmədim. Bu videotəkrarda da görünür. Orada yalnız uşaq vaxtı futbol oynamışam. Rəhmətlik Tofiq müəllim, Rasim Məmmədov vardı. Rasim müəllim həmişə bizdən bir neçə nəfəri Şəmkirə aparırdı və oradakı komandalara qoşurdu. Amma Şəmkirdə böyük futbolda oynamamışam. Rasim müəllimin üstümdə əziyyəti böyükdür.

- Türkiyədə oynamısınız, legioner həyatı yaşamısınız, kifayət qədər təcrübəniz var. "Kəpəz”dən sonra karyeranızı özünüz bitirmək qərarına gəldiniz, yoxsa təklif olmadı deyə belə addım atdınız?

- "Kəpəz” Premyer Liqaya vəsiqə qazanandan sonra, bütün təlim-məşq toplanışlarında çox aktiv oldum. Çəki də atdım. Futbola qayıdırdım, "sağ olsunlar”, məşqçilər buna imkan vermədi. Komandadan təkcə mən çıxarıldım, səbəbini də bilmirəm. Məşqçi olandan sonra, məşqçiləri başa düşürəm. Heç bir məşqçi özünün düşməni deyil. Deməli, məsləhət görməyib ki, məni komandadan çıxarıb. Təbii ki, özümü buna layiq bilmirdim.

- Məşqçidən sizinlə niyə prinsip apardığını soruşmuşdunuz?

- Tərlan Əhmədovun vaxtında "Kəpəz”də olsaydım, o, heç vaxt mənə getməyə imkan verməzdi. Formaya bir qədər gec düşə bilərdim. Əsas olan futbol oynamağımdır. Hamı bilir ki, mən formaya düşdümsə, tam fərqli oluram. Problem çəki idi, məşqçi bir-iki ay səbr etsəydi, məndən yararlana bilərdi. Prinsipin səbəbini soruşmadım, mənə heç maraqlı da deyil. Orada digər futbolçulardan geri qalmırdım, əksinə üstünlüyüm var idi. Məni tanıyanlar bilirlər ki, yekəxanalığı sevən insan olmamışam. Əksinə, hər yerdə öz sadəliyimlə seçilmişəm. Sırf futbola gəlincə, formada olan vaxtımda Azərbaycanda özümdən güclü futbolçu tanımamışam. Öz mövqeyimdə kimsə məndən ancaq fiziki cəhətdən güclü ola bilərdi. Sırf meydançada isə öz mövqeyimdə məndən daha üstün futbolçu ola bilməzdi. Nə oyun idisə, oynadılar, bilmədim. Bu günümə şükür olsun ki, məşqçiliyə başlamışam. İşsiz qalmamışam, çox gözəl işim var.

- "Kəpəz”də fiziki durumunu bərpa etdikdən sonra digər klubların diqqətini çəkməməyinizin səbəbi nə ola bilərdi?

- "Kəpəz”in təlim-məşq toplanışlarında formaya düşmüşəm. Bilmirəm, mənim haqqımda başqalarının məlumatları vardı, ya yox. Çempionatın başlamasına 10 gün qalmış komandadan uzaqlaşdırıldım.

- Karyeranızı bitirməyinizin səbəbi klub tapmamağınız oldu?

- İstəsəm, tapardım, sadəcə, məni iyrəndirdilər. Çünki dəhşətli dərəcədə bədənimə əziyyət verib arıqlamışdım. Gecələr yemək də yemirdim. Konkret əziyyət çəkdim ki, formaya düşüm. Belə etdikləri üçün əziyyətimi onlara halal etmirəm. Məhz buna görə kim işləyir, kim yox, bu, yaxşı görünür.

- Premyer Liqanın cari mövsümü maraqlı keçir. Təəssüratlarınız necədir?

- "Sabah”dan başqa heç bir komandanın oyunlarını izləmirəm. Sizi inandırım, Premyer Liqaya marağım yoxdur.

- Buna səbəb sizi iyrəndirmələridir?

- Bəli, həm də hələ məşqçiliyin o səviyyəsində deyiləm ki, Premyer Liqada nələrisə izləyəm. Hazırda uşaq futbolundayam və buna aid nə varsa, hamısına hakiməm. Mənə maraqlı olan iş yerim, "Sabah”ın akademiyasıdır. Akademiyanın irəli getməsi üçün əlimdən gələni edəcəm. Əslinə qalsa, "Sabah”da iki il futbol oynamışdım və klub mənə sahib çıxdı. Halbuki "Neftçi”də ən azı 10 il oynamışdım. Azərbaycan tarixində ilk dəfə Avroliqanın qrupuna "Neftçi” düşüb. APOEL-i səfərdə 3:1 məğlub etdiyimiz oyunda ilk qol mənim ayağımdan gedib. Üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olmuşam. Əlbəttə, "Neftçi” daha çox diqqət ayırmalı idi. Bunu təkcə özümə şamil etmirəm. Məndən də üstün futbolçular olub ki, həqiqətən "Neftçi” onların qədrini bilməyib. Elə ilk növbədə Zaur Tağızadəni göstərim. "Qızıl oğlan”a belə sahib çıxmadılar. O cür futbolçuya belə münasibət göstəriblərsə, mənə, Məmmədə, yaxud Zakirə heç vaxt sahib çıxamzlar. Həqiqətən buradan "Sabah”a təşəkkür etmək istəyirəm ki, mənə sahib çıxdılar. İnşallah etimadlarını doğruldaram.

- "Sabah”ın bugünkü şəraiti hansı səviyyədədir?

- Hər şey peşəkar səviyyədədir. Uşaq futbolu olmasına baxmayaraq, orada çalışan bütün məşqçilər peşəkardır. Ona görə də bu gün hamı "Sabah”ın uşaq futbolundan danışır.

- Avrokuboklardakı uğursuzluğu nə ilə əlaqələndirə bilərsiniz?

- Çox heyif, yaxşı başlamışdılar. Amma futboldur, qismətdir. Çox ideal heyətimiz, güclü baş məşqçimiz var. Murad Musayevi dahi məşqçi kimi qiymətləndirirəm.

- Millimizin çıxışları haqda fikirləriniz necədir?

- Belçika ilə oyunu bəlkə də çox insan bəyənmədi. Amma mən çox bəyəndim. Millidə inkişaf həqiqətən var. Futbolçularda inkişaf olanda bu, milliyə də təsir edir. Baş məşqçi amili o qədər də rol oynamır. İnkişaf yoxdursa, istənilən azərbaycanlı məşqçini, yaxud Mourinyonu da gətirsələr, yenə uduzacağıq.

- De Byazinin Azərbaycandakı işi barədə hansı düşüncədəsiniz?

- Futbolçuları daha çox qabardardım ki, irəliləyiş, inkişaf var. Sırf baş məşqçi baxımından deyə bilmərəm. Onu məsləhət biliblər və təyin ediblər. Hə-ə, soruşsanız ki, milliyə azərbaycanlı, yoxsa əcnəbi mütəxəssis gətirirlməlidir, mən azərbaycanlı deyərdim. Ad sadalamaq istəmirəm, bəzi yerli məşqçilərimiz var ki, millidə nəticə də verə bilər.

Digər Xəbərlər
Xəbər Lenti