COP29

Millinin yeni baş məşqçisi kim olacaq? - "Ən ideal namizəd..."

10 Sentyabr 2023 22:20 Müsahibə 7 954
Millinin yeni baş məşqçisi kim olacaq? - "Ən ideal namizəd..."

Ötən gün AVRO-2024-ün seçmə mərhələsinin 5-ci turunun növbəti oyunları keçirildi.

Əskişəhərdə keçirilən matçda Türkiyə Ermənistanla 1-1 hesabı ilə bərabərə qaldı. Qardaş ölkə 5 turdan sonra "D" qrupuna liderlik edir.

Buna baxmayaraq, matç türkiyəli və azərbaycanlı azarkeşlər üçün xəyal qırıqlığı yaratdı. Hər kəs qalibiyyət, hətta böyük hesablı qələbə gözləyərkən, "ay-ulduzlu"lar məğlubiyyətdən çətinliklə xilas oldular.

Sportinfo.az xəbər verir ki, bu matçla bağlı "Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov cebhe.info-ya müsahibə verib.

- Elçin müəllim, ilk olaraq oyun barəsində fikirlərinizi öyrənmək istərdim. Türkiyə-Ermənistan matçını necə dəyərləndirirsiniz?

- Türkiyə yığmasının Ermənistanla oyunda heç-heçə etməsi həm nəticə, həm də psixoloji baxımdan türkiyəli və azərbaycanlı bir çox insana mənfi təsir göstərdi. Oyun olaraq Ermənistan üzərində qazanılan qələbə Türkiyəyə 85 % ehtimalla Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmağı təmin etmək fürsəti verə bilərdi. Bu matçda 3 xalın qazanılmamasının bir nömrəli günahkarı almaniyalı baş məşqçi Stefan Kuntzdur. Onun rəqibi düzgün analiz etməməsi və oyun planındakı mövqelərdə futbolçuların düzgün seçilməməsi nəticəyə təsir etdi. Bununla yanaşı, top rəqibdə olarkən müdafiədə müəyyən problemlərin yaşanması, top Türkiyə seçməsində olarkən isə hücuma çıxmaqda gecikilməsi, türklərin hücumda say baxımından çoxala bilməməsi, çoxalsa da, keçidlərdə ciddi səhvlərə yol verilməsi qardaş ölkənin xüsusilə ilk hissədə hücum gücünün olmadığını göstərdi. Heyət cəhətdən də Türkiyə millisi çox ciddi problemlərlə üz-üzə qaldı. Kuntzun öz komandalarında forma şansı tapa bilməyən futbolçuları meydana buraxması, klublarında çıxış edən oyunçuları isə düzgün mövqedə oynatmaması onları meydanda çox aciz duruma saldı.

- Xüsusilə hansı futbolçuların zəif performans göstərdiyini deyə bilərik?

- Məsələn, Cenk Özkaçar "Valensiya"da üçlü müdafiənin sol stoperi olaraq oyanyır. Amma Kuntz onu bu matçda sol cinah müdafiəçisi kimi meydana çıxarmışdı. O isə hücuma çıxışlarda fəal görsənsə də, itirilən toplardan sonra geridönüşlərdə ciddi problem yaşadı. Üstəlik, Türkiyə yığması hücumlar zamanı Ermənistan müdafiəsinin arxasına atılan toplarda say baxımından azlıqda qaldı. Buraxılan qolda da sol cinah müdafiəçisi ilə sol stoperin mövqe sığortalamasında ciddi problem yaşanması Türkiyənin qol buraxması ilə nəticələndi. Merih Demiral isə formada olmayan bir futbolçudur. O, normal təlim-məşq toplanışı keçməsə də, start heyətdə yer alırdı. Hücumun mərkəzində oynayan Barış Alpər Yılmaz da qapalı müdafiəyə qarşı oyunlarda heç də yaxşı təsir bağışlamır. O, daha çox geniş zona tapdığı təqdirdə önəmli işlər görə bilir. "Qalatasaray"dakı performansı ilə də bunun şahidi olmuşuq. Kərəm Aktürkoğlu Barışa bir neçə epizodda qol atma şansı yaratsa da, bundan yararlana bilmədilər. Lakin "Qalatasaray"da Kərəmin ötürmələrini Mauro İkardi yüksək səviyyədə dəyərləndirməyi bacarır. Düşünürəm ki, oyuna Barışla başlamaq çox böyük səhv idi. Hərçənd ki, Kuntzun əlində Bertuğ Yıldırım və Halil Dərvişoğlu kimi sırf mərkəz hücumçusu olaraq oynamış futbolçular vardı. "Fənərbağça"da əsas heyət üzvünə çevrilə bilməyən Cengiz Ündərin də meydanda düzgün qərar verə bilməməyi və ötürmələrindəki qeyri-dəqiqlik Türkiyənin hücum potensialını çox aşağı saldı.

- Bəs ümumi olaraq, Türkiyənin Ermənistanı məğlub edə bilməməyinin əsas səbəbləri nələr idi?

- Türkiyə millisinin oyun planı düzgün qurulmamışdı, futbolçu seçimlərində səhv edilmişdi, top rəqibdə olarkən düzgün zonaya basqı edilmirdi və itirilən topu qazananda sürətli şəkildə hücuma çıxa bilmirdilər. Hücumda mövqe seçimi olaraq düzgün yerləşməməsi də komandanın belə nəticə ilə üz-üzə qalmasına səbəb oldu. Bu uğursuzluğun mərkəzində Stefan Kuntz və Türkiyə Futbol Federasiyasının rəhbərliyi dayanır. Həmçinin, Hamit Altıntopun da məsuliyyət daşıdığını xüsusi olaraq qeyd etmək lazımdır.

- Oyundan sonra Stefan Kuntzun istefası tələb olunur. Sizcə, onu kim əvəzləməlidir?

- Əldə etdiyim məlumata əsasən, Stefan Kuntz 70 % istefaya göndəriləcək. Çünki Türkiyə yığmasının uğursuzluğunun bir nömrəli səbəbi Kuntzdur. O, yanlış futbolçu seçimləri edir və düzgün oyun planına malik deyil. Türkiyə millisi üçün ən ideal namizəd isə hazırda Abdullah Avcıdır. Hətta o, milli komandaya görə "Başakşəhər"dən aldığı təklifi də geri çevirib. Böyük ehtimalla, Abdullah Avcı Türkiyə millisinin yeni baş məşqçisi ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 20:00 Çək və bizə göndər!