“Turan Tovuz” cari mövsümdə doğma meydanda keçirdiyi ilk oyunda məğlub oldu.
Bölgə təmsilçisinin “Səbail”ə 1:3 hesabı ilə yenildiyi görüş haqda meydan sahiblərinin futbolçusu Ayxan Hüseynov Sportinfo.az-a müsahibə verib.
- Niyə məğlub oldunuz?
- Oyuna pis başladıq. İstədiklərimizi edə bilmirdik. Rəqib də fürsətdən istifadə edib erkən qol vurdu. Hesabda geri düşəndən sonra toparlanmaqda çətinlik çəkirdik. Tələskənlik olurdu deyə, hücumları məntiqi sonluqla başa vura bilmirdik. Hesab arasındakı fərqi azaldandan sonra ümidlənmişdik. “Səbail”in üçüncü qolu həlledici oldu.
- Qırılma nöqtəsi rəqibin ikinci qolu idi?
- Deməzdim. Onların ikinci qolundan sonra biz də qolu vurduq və hesabı 1:2 etdik. Qırılma nöqtəsi “Səbail”in üçüncü qolu idi. Halbuki, 1:2-dən sonra hesabı bərabərləşdirə bilərdik. İmkanlarımız da var idi. Alınmadı.
- “Səbail” sizi nədə üstələdi?
- Məncə, onlar bizdən daha istəkli idi. 3 oyunda qələbə qazana bilməmişdilər. İkili mübarizələri uduzurduq, onlar bizə nisbətən sərt oynayırdılar, aqressiv görünürdülər. Məncə, bizdə bunlar çatmırdı. Onlar səfərə hədsiz istəkli gəlmişdilər.
- Sanki sizdə əlavə təzyiq də var idi. Cari mövsümdə ilk dəfə doğma azarkeşlər önündə oynayırdınız.
- Bəlkə bu amilin də rolu oldu. Yeni futbolçularımız var, ilk dəfəydi Tovuzda oynayırdılar. Bəlkə də bu qədər azarkeşi görəndə təsir altına düşdülər. Futbolçudur, fikirləşir ki, udmalıyıq, uduzsaq, yaxı olmaz. Demirəm buna görə uduzduq. Amma dediyiniz məqamın da hansısa məqamda rolu ola bilər.
HƏBİB

