"Həmişə Ronaldoya qarşı oynamaq istəyirdim" - "Şaxtyor"un yetirməsi olan azərbaycanlı

11 Sentyabr 17:00 Müsahibə 790
"Həmişə Ronaldoya qarşı oynamaq istəyirdim" - "Şaxtyor"un yetirməsi olan azərbaycanlı

Azərbaycan Premyer Liqasının 4-cü turu “Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayevin üçün əlamətdar oldu.

Belə ki, millimizin sabiq üzvü “Araz Naxçıvan”la qarşılaşmada (1:1) Sumqayıt təmsilçisinin heyətində 100-cü oyunun keçirdi.

4 ildən artıqdır ölkəmizdə olan Ukrayna “Şaxtyor”nun yetirməsi ilə söhbətimiz də onun buradakı bütün karyerası ilə bağlı oldu.

- “Sumqayıt” karyeranda keçirdiyin 100 oyun barədə qısaca nələr deyə bilərsən?

- “Sumqayıt”ın heyətində 100 oyun keçirmək xoşdur. Ümumiyyətlə, götürsəniz bu komanda ilə çox maraqlı, yaxşı günlərim keçib. İnşallah, gələcəkdə hər şey daha yaxşı olar.

- Ən yadda qalan matç hansı olub?

- İlk ağlıma gələn oyun “Səbail” üzərində 1:0 hesabı ilə qalib gəldiyimiz görüşdü. Çünki çempionatda 3-cü yeri tutduğumuz oyunda yeganə qolu mən vurmuşdum. Emosiya və hərarətə görə bu matçı xüsusi qeyd edəcəm.

- Ölkəmizə ilk gəlişində burada bu qədər qalacağını ağlından keçirmişdin, yoxsa hədəflərin başqa idi?

- Mən Ukraynanın gənclər futbolundan başqa ölkənin yüksək liqa komandasına gəlmişdim. Başa düşürdüm ki, böyüklər arasında futbolumu yenidən qurmalıyam. Adaptasiya prosesi gecikdi, amma zaman keçdikcə qarşıya başqa məqsədlər qoydum.

- Arxada qalan illər ərzində Azərbaycan futbolunun inkişaf dinamikasın necə dəyərləndirirsən?

- Arxada qalan müddətdə qeyd edə bilərəm ki, çempionatın səviyyəsi yüksəlir və yaxşıya doğru dəyişir.

- Bütün aşağı yaş qrup milli komandalarda oynamısan. Əsas millidə isə cəmi 1 oyun keçirmisən. Səncə, yığmanın əsas simasına çevrilməyinə nələr mane olur?

- Yığmada oynamaq üçün komandan da yaxşı çıxış etməli və cədvəldə ilk yerlərdə olmalıdır. O zaman mənə də diqqət edərlər.

- Ötən yay buradan ayrılmaq üçün yaxşı təkliflərin vardı. Amma yenə qalmağı seçdin. Səni Sumqayıta bağlayan nədir?

- Keçən yay yox, ondan qabaqkı yay getmək üçün yaxşı variantlar var idi. Sonra əla mövsüm keçirdik, 3-cü yeri tutduq, avrokuboklara çıxdıq və o vaxtkı baş məşqçi Ayxan müəllim və klub rəhbərliyi ilə danışaraq komandada qalmağa qərar verdim.

- Stabil çıxışla yadda qalırsan, fərqli mövqelərdə oynamağı bacarırsan. Maraqlıdır, arxada qalan müddətdə Premyer Liqanın iddialı klublarından dəvət almısan?

- Hansı komandaları iddialı adlandırmağınızdan asılıdır. Müxtəlif təkliflər var idi, amma indi “Sumqayıt”dayam və biz də iddialıyıq (gülür).

- Azərbaycanda iddialı deyəndə ilk yada düşən iki klub var – “Qarabağ” və “Neftçi”. Seçim qarşısında qalsan, hansını seçərdin?

- Əgər nə vaxtsa qarşıma belə bir seçim çıxsa, o zaman bu haqda danışmaq olar (gülür).

- Sumqayıt dənizin xoşlayırsan, yoxsa günün paytaxt Bakıda keçir?

- Azərbaycana köçəndən Bakıda yaşayıram.

- Karyeranla bağlı hansı arzunun xəyalı ilə yaşayırsan?

- Meydana Çempionlar Liqasının himni ilə çıxmağı arzulayıram.

- "Sumqayıt" karyeranda ən şən komanda yoldaşın kim olub?

- Yəqin ki, Xəyal Nəcəfovu fərqləndirərəm, çox şən adamdır.

- Bəs ən zəhlətökən?

- Heç bir qıcıqlandırıcı, zəhlətökən oyunçu olmayıb, komandada hamı ilə normal münasibətim olub

- Gedişinə sevindiyin futbolçu olub?

- Xeyr.

- Bəs baş məşqçi?

- Düşünürəm ki, elə biri olmayıb.

- Sabiq komanda yoldaşlarından kimin üçün daha çox darıxırsan?

- Kimisə ayırmaq düzgün olmazdı. Çox oyunçu ilə birlikdə oynamışam. Arasında gedənlər də var, qalanlar da.

- Hansı futbolçu ilə (dünya və ya yerli futbolçulardan) komanda yoldaşı olmaq istərdin?

- Uşaqlıq kumirim Ronaldodur. Həmişə ona qarşı oynamaq istəyirdim, amma onunla oynamaq daha yaxşı olardı.

- Hansı rəqibə qarşı oynamaq sənə çətindir?

- Əgər öz çempionatımızı götürsək, ən çətini “Qarabağ”a qarşı oynamaqdır.

- Bəs hansı oyunçunu dayandırmaq müşkül məsələdir? Ümumiyyətlə, beləsi olub?

- “Qarabağ”ın üzvü Abdullah Zubirə qarşı çıxış etmək çətindir.

- Səni meydanda səbrli futbolçulardan hesab etmək olar. Maraqlıdır, əsəblərini tarıma çəkməyi bacaran kimsə olub?

- Elə bir oyunçu yoxdur, amma bir dəfə bir hakim bunu bacardı. Sonra da qırmızı vərəqə verdi və 5 matçı buraxdım, o andan sonra daha da səbirli oldum (gülür).

- Azarkeşlərə bu mövsümlə bağlı nə söz verə bilərsən?

- Azarkeşlərimiz həmişə bizi dəstəkləyir və bizdən yaxşı nəticələr gözləyirlər. Ona görə də bizdən nə asılı olacaq, hər oyunda onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti