
Yeni mövsüm Azərbaycan futbol ailəsinə bir çox bölgələrimizin yeni təmsilçiləri qatılacaq.
Onlar arasında dilbər güşələrimizdən olan Göyçay rayonu da var.
Rayonun eyniadlı klubu böyük futbolda ilk addımlarını Region Liqasından atmağa qərar verib.
Klubun yaradılması, gələcək planları barədə Sportinfo.az-a müsahibəsində komandanın yaradılmasında xüsusi fəallıq göstərən Nicat Əliyev ətraflı məlumat verib.
- Nicat bəy, ilk öncə özünüzü qısaca təqdim edərdiniz…
- 1992-ci ildə Tovuz rayonunda anadan olmuşam. Azərbaycan və Türkiyədə bir sıra klublardan futbolçu kimi oynamışam. Son bir ilə yaxın müddətdir “Göyçay” komandasındayam.
- Tovuzlu olaraq sizi Göyçay klubuna aparan hansı səbəblərdi?
- Bu sualı mənə çox insan ünvanlayıb. Əvvəlcə onu deyim ki, klub yaratmaq fikiri məndə çoxdan var idi. İlk növbədə qarşıma çıxan təsadüfi bir şəkil mənim diqqətimi çəkdi. Şəkildə Göyçay Mərkəzi Stadionun adi rayon çempionatında azarkeşlər ilə dolu olduğunun şahidi oldum. Daha sonra araşdırdım və öyrəndim ki, rayonda uzun müddətdir futbol komandası yoxdu. Rayonun AFFA region liqasında mərkəz regionuna aid olması da fikirimi daha da qətiləşdirdi.
- Nə mənada?
- Mərkəz regionundan play-offlara çıxmaq digər bölgələrə görə bir qədər daha asandır
- Nə vaxtdan Göyçay futbolunun içindəsiniz?
- Yanvar ayından. Sadəcə olaraq səhhətimdə baş verən çox ciddi problemlerə görə bir müddət futboldan uzaq qaldım. Lakin buna baxmayaraq ən çətin günlərimdə belə bir an Göyçayda futbol klubu yaratmaq təşəbbüsünü ağlımdan çıxarmadım. Yanvar ayında Göyçaya səfər edərkən bir çox insana söz vermişdim, Allaha şükürlər olsun çox çətin günlərim olsa da, sözümün üzərində dayana bildim
- Allah şəfa versin. Keçmiş olsun.
- Allah razı olsun.
- Gələcək hədəflərinizə nələr daxildi?
- İlk növbədə hədəfimiz Göyçayda futbolun inkişafına dəstək verməkdir. Klub olaraq bu il rayonu AFFA Region liqasında təmsil edəcəyik. Hər il mərhələli şəkildə bir üst ligaya çıxmaq ən böyük hədəflərimizdən biridi.
- Bunun üçün hazırda əlinizdə hansı infrastruktur var?
- Sağ olsun rayon rəhbərliyi, İdman idarəsi bizə lazım olan qayğını göstərir. Hazırda 2500 azarkeş tutumuna malik Göyçay Mərkəzi Stadionu klubun tam olaraq ixtiyarına verilib. Təbii ot örtüklü meydançamızın hal-hazırda qazonu bir az baxımsız vəziyyətdə olsa da, ümid edirəm rəsmi oyunlar başlayana qədər bu problem aradan qalxacaq
- Futbolda önəmli məsələ maliyyədir. İnkişaf üçün onun olması birinci şərtdir. Maraqlıdır, xərcləri yalnız özünüz qarşılayırsız, yoxsa əlavə dəstək var?
- Hələki maddi cəhətdən hər hansısa bir yardım edilməyib. Bütün xərcləri özüm qarşılayıram. Rayonun ən prestijli oteli olan “Nar Hotel” ilə əməkdaşlıq edirik. Sağ olsun “Nar Hotel”in rəhbərliyi bizi qalacaq yer və qidalanma ilə təmin edir. Ümid edirəm ki, Göyçay rayonunda futbola marağı olan iş adamları klubumuza biganə qalmayacaqlar.
- Özünüzün gəlir sahəsi haradır?
- Ticarət ilə məşğul oluram. “Ramus” brendinin sahibiyəm. Artıq uzun müddətdir qapıçı əlcəkləri və qapıçılara aid geyimlərin satışı ilə məşğulam.
- Arxada qalan müddətdə hansı qənaətə gəlmisiz? Rayonda futbola maraq necədir?
- Rayonda futbola olan maraq hədsiz dərəcədə yüksəkdir. Hər ev oyunumuzda anşlaq yaşanacağına əminəm.
- Sizcə, bu halda iş adamları niyə dəstək üçün hərəkətə keçmirlər?
- Ola bilər ki, hələ məşqlərə start verməmişik deyə çox insanın klub yaranmasından xəbəri yoxdur. Mən ümidvaram ki, iş adamları klubumuza biganə qalmayacaq. Əgər hər hansısa bir maliyyə yardımı olmazsa belə, öz imkanlarım daxilində bu klubu yaşadacağam.
- Futbolçular ancaq yerli uşaqlardı, yoxsa digər bölgələrdən də heyətə cəlb etdikləriniz var?
- Qrup oyunlarında yerli oyunçulara üstünlük verməyə çalışacağıq. Lakin baş məşqçimiz Samir İsayevin istəyi ilə, digər bölgələrdən bir neçə futbolçu transfer edə bilərik. Hər şey büdcədən asılıdır. Sentyabr ayının 1-i mərkəzi stadionda seçimlerə başlayacağıq. Qapımız hər kəsin üzünə açıqdır
- Uşaq futbolu ilə bağlı hansısa planlar varmı?
- Rayonda mən bildiyim qədər 3 yaş qrupu üzrə məşqlər keçirilir. Gələn il inşəAllah 2ci ligaya çıxsaq, onları öz klubumuzun tərkibinə qatmağı planlaşdırırıq. Gələcəkdə öz yetişdirdiyimiz futbolçuların xidmətindən istifadə etmək bizlər üçün başlıca hədəflərdən biridir.
XANOĞLAN İMANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.