
“Xəbərim var, şərəfini qoruduğum “Olimpiya”nın futbol komandası Lyublyanada “Qarabağ”a uduzdu”.
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında iştirak edən sloveniyalı məşhur atıcı Raymond Debeveç Sportinfo.az-a açıqlamasında “Olimpiya” – “Qarabağ” oyunu barədə danışıb.
60 yaşlı atlet “Olimpiya”nın atıcılıq klubunu təmsil etdiyindən, klubun futbol komandası ilə yaxından maraqlanır.
Raymond avqustun 24-də vətənində baş tutan oyunu izləyə bilməyib. Bakıdakı dünya çempionatında iştirak etməsi onu bu imkandan məhrum edib.
Olimpiya çempionu “köhlən atlar”ın gücünü qabardıb, cavab qarşılaşması haqda fikirlərini bildirib:
“Oyunu izləyə bilməsəm də, eşitdiyimə görə, komandanız çox güclüdür. İlk matçda 0:2 uduzmağımız işimizi çətinləşdirib.
Təəssüf ki, Bakıdakı görüşü canlı izləyə bilməyəcəyəm. Atışlarımı başa vuran kimi buranı tərk etməliyəm.
“Olimpiya” üçün çox çətin olacaq. “Qarabağ” bizim komandadan güclü və təcrübəlidir”.
1963-cü ildə anadan olan Raymond Debeveç ilk dəfə 1984-cü ildə ABŞ-da keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib.
Ümumilikdə 8 olimpiadanın iştirakçısı olan təcrübəli atlet 2000-ci ildə Sidney Olimpiadasını qızıl medalla başa vurub, “Beijing-2008” və “London-2012”də bürünc medallara sahib olub.
O, atıcılığın müxtəlif növlərində 3 dəfə dünya, 6 dəfə Avropa çempionu adını qazanıb, 27 dəfə Dünya Kubokuna yiyələnib, 5 dəfə Dünya Kubokunun finalında hamını üstələyib.
HƏBİB