“Tezliklə Azərbaycanda 2-3 komanda olacaq ki…” - - MÜSAHİBƏ

26 Avqust 17:00 Müsahibə 3 397
“Tezliklə Azərbaycanda 2-3 komanda olacaq ki…” -  - MÜSAHİBƏ

“Zirə”nin yay fasiləsində heyətinə qatdığı Tiaqo Silva Sportinfo.az-a müsahibə verib.

Portuqaliyalı qapıçı komandasının mövsümü əla start verməsindən və adaptasiya prosesini necə keçirməsindən danışıb.

- Mövsümə ardıcıl üç qələbə ilə başlamaq necə hissdir?

- Əla hisslərdi və bizə daha çox güvən gətirir. Onu da bilirik ki, həmişə qalib gəlməyəcəyik. Amma oynadığımız kimi davam edərək ən yaxşısına nail olmağa qadirik. Bu komanda hər oyunda 3 xal üçün mübarizə aparacaq. Heç kimlə başa-baş oynamaqdan qorxmuruq. Ardıcıl 3-cü qələbə əladır, amma azdır. “Sabah”la növbəti oyunda 4-cü qələbəni istəyirik! Gəlin xəyalı günbəgün, addım-addım qidalandıraq.

- Belə start özünüz üçün də gözlənilməz oldu deyə bilərikmi?

- Xeyr. Bura gəldiyim ilk gündən dedim ki, böyük hədəflər uğurunda mübarizə aparacam. Bu klubda hər kəs daha çox və daha yaxşı işlər görməyə can atır.

- 3 oyunda cəmi 1 qol buraxmısan. Qələbələrdə əsas pay sahibi olduğunu demək olar?

- Müdafiə səviyyəsində yaxşı çıxış edirik. Yalnız mənə görə deyil. Bütün komandanın əməyi sayəsində müdafiədə yaxşı çıxış edirik. Son oyunda səhv etməsək qol buraxmadan 3 oyun keçirə bilərdik. Buraxılan bu qoldan qaça bilərdik. Artıq səhv üzərində işləyirik və növbəti matçda qol buraxa bilmərik. Liqanın ən yaxşı müdafiəsi olmalıyıq.

- Özünə çox inamlı danışırsan. Görünür, qısa müddətdə yeni komandana adaptasiya ola bilmisən. Bunun xüsusi səbəbləri var?

- Bəli, doğrudur, özümü artıq bütün komandaya uyğunlaşmış hiss edirəm. Bu, əla həmkarlarım, əla məşqçilərim və hər şeydən əvvəl klubda əla insanların olması ilə bağlıdır. Məni çox yaxşı qarşıladılar, həmişə özümü xoşbəxt hiss etdiyim üçün qayğı göstərdilər. Artıq özümü evdəki kimi hiss edirəm və komanda mənim 2-ci ailəmdir.

- Arxada qalan 3 tura əsasən Premyer Liqanın səviyyəsin necə qiymətləndirərdin?

- Səviyyə çox yüksəkdir. Çox keyfiyyətli, çox balanslaşdırılmış oyunçulara sahib rəqiblər var. Düşünürəm ki, Azərbaycan komandaları Avropa yarışlarında daha da irəli gedə bilər. Ancaq bunun üçün mühit yaratmalıyıq. Bizə daha çox futbolu dəstəkləyən, stadionlara gələn, mahnı oxuyan və komandaları dəstəkləyən insanlar lazımdır. Azərbaycanda hamı bunun mümkün olduğuna inansa, tezliklə Avropa yarışlarının qrup mərhələsində davamlı olaraq 2-3 komandanız olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır