Məşhur yapon ilk dəfə Bakıya gəldi, görün nəyə təəccübləndi

22 Avqust 2023 16:40 Müsahibə 3 651
Məşhur yapon ilk dəfə Bakıya gəldi, görün nəyə təəccübləndi

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında bu idman növünün xüsusi çəkili nümayəndələri iştirak edir.

Onlardan biri də 2020-ci ildə Tokio Olimpiadasında final yarışlarında bütün poliqonlara cavabdehlik daşıyan şəxs, Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının Tüfəng Atıcılığı Komitəsinin üzvü, Yaponiya Atıcılıq Federasiyasının katibi Vataru Fujiidir.

Bakıdakı dünya çempionatına tüfəng atışları yarışlarına jüri kimi cəlb olunan məsul şəxs Sportinfo.az-a müsahibə verib.

- Bir çox mötəbər yarışlarda iştirak etsəniz də, bildiyimə görə, Azərbaycana ilk səfərinizdir. Paytaxtımızda keçirilən dünya çempionatı və Bakı Atıcılıq Mərkəzi ilə bağlı təəssüratlarınızı eşitmək maraqlıdır.

- Bəli, bir çox ölkələrdə və yarışlarda nümayəndə kimi iştirak etmişəm. Əminliklə deyə bilərəm ki, Bakı Atıcılıq Mərkəzi gördüklərim arasında ən gözəli və ərazisinə görə ən böyüyüdür.

- Tokio Olimpiadasında səlahiyyətli şəxs kimi məsul vəzifəni yerinə yetirirdiniz. Bu gün isə dünya çempionatını izləyirsiniz. Bu iki yarış arasında oxşar və fərqli cəhətlər kimi nələri qeyd edə bilərsiniz?

- Dünya çempionatı kifayət qədər önəmli yarışdır. Çünki, burada yarışlar bir idman növü üzrə təşkil olunur və bütün diqqətlər atıcılığa yönəlir. Amma Olimpiya Oyunlarının təzyiqi daha çox olur. Razılaşarsınız ki, Olimpiadanı böyük kütlə izləyir, daim diqqət mərkəzində olur. İdmançıların baxış bucağından danışmalı olsaq, hər iki yarışın önəmi və əhəmiyyəti olduqca böyükdür. Və səviyyə baxımından bir-birinə yaxın hesab olunurlar.

- Bəs, təşkilatçılıq nöqteyi-nəzərdən?

- Açıq deyim, Bakıda keçirilən dünya çempionatının təşkilinə heyran qalmışam. Bütün növlərdə keçirilən yarışlarda ən kiçik detallara belə, diqqət yetirilir. Ona görə də bu dünya çempionatındakı təşkilatçılığın Olimpiadadakından geri qaldığını düşünmürəm.

- Təxminən bir həftədir buradasınız. Dünya çempionatında sizi təəccübləndirən, işinizə əngəl yaradan nələr olub?

- Yarış meydanlarında və yarışın gedişatında hələ ki, məni heç nə təəccübləndirməyib. İşlər plana uyğun şəkildə davam edir. Ən çox təəccübləndirən Azərbaycan yeməklərinin dadlı olmasıdır. Bu dərəcədə dadlı olduğunu bilmirdim (gülür).

- Siz həm də tüfəng atışında jürisiniz. Azərbaycanlı jürilərə, atıcılıq idman növündə çalışan texniki işçilərə ən yüksək səviyyəyə qalxmaq üçün nə kimi tövsiyələr verə bilərsiniz?

- İnkişaf etmək üçün bu cür yarışlarda iştirak etmək mütləqdir. Mötəbər yarışlar həm idmançılara, həm hakim və jürilərə, həm də texniki işçilərə böyük təcrübə qazandırır. Yeni nələrsə öyrənirlər, təcrübəli həmkarlarından nələrisə “oğurlayırlar”, bilmədiklərini soruşurlar. Rahat və səliqəli inkişafın yolu budur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti