
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Beşiktaş"a 1:2 hesabla məğlub olan "Neftçi"nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç Sportinfo.az-a müsahibə verib:
- Matçla bağlı nə deyəcəksən? İlk yarıdan sonra qalib gəlirdiz, daha sonra nə baş verdi?
- Bəli, ilk yarıda qalib gəlirdik. Sıx qrafikdə oynayırıq. Ola bilər ki, rəqib ikinci yarıda daha gümrah idi. Onların keyfiyyətli futbolçuları var.
- Səncə, “Neftçi” fasilədən sonra niyə birinci hissədəki kimi oynaya bilmədi? Rəqibin dəyişikliyi oyuna nə qədər təsir etdi?
- Ola bilər ki, biz bir az yorğun idik. Vinsent Abubakar kimi hücumçu meydana daxil oldu. Onun necə hücumçu olduğunu hamımız bilirik. Hesabı bərabərləşdirdi. Ondan sonra daha çətin idi.
- Fasiləyə üstün yollandığınıza görə, yəqin ki, daha inamlı idiz. Adrian Mutu sizə nələr söylədi? Paltardəyişmə otağında hansı emosiyalar var idi?
- Adrian Mutu içəridə dedi ki, ilk 15 dəqiqəni dözməliyik və rəqib bizə çox təzyiq etməsin. Amma belə alındı.
- Öz oyunundan narazı qaldın?
- Bu haqda danışmaq istəmirəm. Kənardan baxanlar nəsə deyə bilər.
- "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşdən oyunsonrası mətbuat konfransında “Neftçi”dən hansı futbolçunu bəyəndiyini soruşdular, o, sənin adını çəkdi. Amma əlavə etdi ki, Ozobiç bu matçda performansından aşağı çıxış etdi...
- Futboldur da, olur. Rəqibin qapısından uzaq olanda çətin olur. “Beşiktaş” çox təzyiq etdi. Belədə, müdafiədə çox işlədik. Güc itirdik.
- “Neftçi” üçün avrokuboklar başa çatdı. İndi hər kəs komandanın çempionatda nə edəcəyini gözləyir. “Kəpəz” və “Səbail”lə matçda qələbə qazana bilməmisiz. Bundan sonra Premyer Liqada daha güclü, çempionluq üçün mübarizə aparan “Neftçi” görə biləcəyik?
- Əlbəttə. Sadəcə, bizə zaman lazımdır. Baş məşqçi də toplanışa sonradan gəldi. Məncə, hamımızın zamana ehtiyacı var. Bir-iki gündən sonra 5 il birlikdə oynadığımız kimi oynamaq mümkün deyil. Hər şeyə zaman lazımdır. Hər gün işləyirik ki, daha yaxşı olaq. Yaxın vaxtlarda hər şey dəqiqləşəcək.
XANOĞLAN