
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Beşiktaş"a məğlub olan (1:2) "Neftçi"nin kapitanı Emin Mahmudov qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.
- Öncə oyun haqda fikirlərini bildirərdin...
- Əslində, ilk hissəni yaxşı müdafiə olunurduq. Əks-hücuma çıxmağa imkan axtarırdıq. Əlbəttə ki, rəqibin keyfiyyətli oyunçuları var. Ona görə də, biz ikinci hissədə Vinsent Abubakar, Masuaku meydana daxil olanda çətinlik çəkdik. Gücümüz çatmadı. İkinci hissədə çox yorulduq. İki gün bundan qabaq bura gəldik. Gücümüz çatmadı ki, ikinci yarıda da tam gücümüzlə müdafiə olunaq. Əks-hücumlara tam istədiyimiz kimi çıxa bilmirdik, onlar da üstümüzə gəlirdi, təzyiq edirdi. Abubakarın qolundan sonra da çətinlik çəkdik.
- Vurduğun qolu necə şərh edərdin?
- Aaron Olanare həmin vəziyyətdə topu saxladı, məni gözlədi. Mən də, bir yer tapdım, zərbə vurdum. Zərbəm yaxşı alındı. Öncə elə bildim ki, Mert Günok topu çıxardı, sonra gördüm ki, top qapıdadır.
- Adrian Mutu ağır qrafikdən, bir də komandanın tam yaxşı hazırlıq keçə bilməməsindən şikayətlənir. Futbolçu kimi, bu sizə nə qədər təsir edir?
- Çox təsir edir. Yaxşı və tam formada olmaq istəyiriksə, hazırlıq dönəmi bizim üçün çox vacib idi. Onu da yaxşı keçməyəndən sonra... Ardıcıl oyunlar gəlirdi. Səfərə getdik, Gəncəyə yollandıq. 40 dərəcə havada futbol oynamaq bilmirəm nə dərəcədə düzgün idi. Amma oynadıq. “Beşiktaş”a qarşı 100 faiz hazır olmasan, çətindir. Çünki onların “klass” futbolçuları çoxdur. Həqiqətən, çətin idi.
- Komandanız altı rəsmi matçda cəmi bir qələbə qazanıb. Bu, üzərinizdə təzyiq yaradır?
- Bizim üçün çox pis nəticədir. “Beşiktaş” matçını çıxsaq, “Kəpəz” və “Səbail”lə görüşlərdə heyf ki, qələbə qazana bilmədik. Çalışmalıyıq ki, qələbələr qazanaq. Çünki çox çətin olacaq. Çempionat uzundur. İndi ona köklənməliyik. Allah qoysa, qazanarıq.
- Kapitan kimi yeni transferlər haqda nə deyəcəksən? Onlar necə təsir bağışlayırlar?
- Nə qədər yaxşı transferlər gəlsə, o qədər bizim xeyrimizədir. Rəqabət olacaq. Hər oyunçu hiss etsə ki, onun yerində daha bir futbolçu var, onda lap çox çalışacaq. Nə qədər yaxşı oyunçu gəlsə, bir o qədər sevinərik.
- Adrian Mutunun komandaya təsiri necədir?
- Açığı, indi məşqlər keçməyə zamanımız olmur. Ancaq oyunlar oynayırıq, bərpa olunuruq. Ona görə, vaxt olmur ki, istədiyi futbolu məşqin gedişində bizə başa salsın. Düzdü, o, nə istədiyini deyir. Lakin bunu işləmək üçün vaxt az olur. Hər həftə bir oyuna çıxacağıq. Bu da bizə bir tərəfdən xeyir verəcək, məşqə vaxtımız daha çox olacaq.
- Adrian Mutu da komandaya gec qoşuldu, sən özün də. Hər ikiniz zamanında qoşulsaydınız, hazırlıq üçün vaxt daha çox və daha yaxşı keçsəydi, “Beşiktaş”a qarşı bundan yaxşı nəticə göstərə bilərdiz?
- Yenə də çətin olardı. Deməyim ki, çempionat oyunları oynamasaydıq, İstanbulda rahat qələbə qazanardıq, keçərdik. Belə deyil. Sadəcə bizə bir az kömək ola bilərdi. Gücümüz daha çox olardı. Məsələn, “Beşiktaş”ın vurduğu birinci qolda zamanı daha sıx, daha bir-birimizə yaxın oynayacaqdıq. İndi bu haqda çox danışmağın yeri yoxdur. Çünki oyun geridə qaldı.
- Avrokuboklarda kənarda qaldınız, amma digər tərəfdən sevinirsiz ki, daxili yarışlara tam gücünüzlə köklənəcəksiz? Yəni, bu ciddi səbəb ola bilər ki, “Neftçi” bundan sonra daxili çempionatda müsbət nəticələr qazansın?
- Əlbəttə ki, indi ancaq bunu fikirləşirik. Bizim üçün çətin dövr keçdi. Bəxtimiz də gətirmədi, “Beşiktaş”la düşdük. Amma yenə də, çempionatda qələbələr qazanmaq lazımdır.
XANOĞLAN İMANOV