
“Araz-Naxçıvan” Premyer Liqanın ikinci turunda “Qəbələ”ni parlaq oyunla məğlub etməyi bacardı – 2:0.
Matçdan sonra Muxtar Respublika təmsilçisinin əsas heyət üzvlərindən olan, vaxtilə Ukrayna elitasında “Dinamo” (Kiyev), “Çernomorets”, Rusiya Premyer Liqasında “Arsenal” (Tula) kimi komandaların şərəfini qorumuş qanalı hücumçu Mohammed Kadiri Sportinfo.az-ın suallarını cavablandırıb.
- “Qəbələ” kimi rəqibi məğlub etmək necə hisdir?
- Hamı bilir ki, komandamız yeni qurulub. Çempionatın başlamasına az müddət qalmış tam şəkildə bir araya gəlmişdik. Dayanmadan çalışırıq və hər ötən gün yaxşı olacağımıza inanıram. Hər oyuna qələbə əzmi ilə çıxırıq. Ötən görüşdə bunu bacarmamışdıq, bu dəfə istəyimizə çatdıq. Təbii ki, hər birimiz sevincliyik.
- Qısa müddətdə yığılan komandanız kifayət qədər inamlı təsir bağışlayır. Hətta “Turan Tovuz”la qarşılaşmada da yenilgiyə layiq deyildiniz. Yaxşı mənada diqqət çəkməyinizin xüsusi səbəbi nədir?
- Baş məşqçimizin işini çox bəyənirəm. O, məşqlərdə bizə lazım olan tapşırıqları var, daim taktiki gedişlər üzərində işləyirik. Əsas odur ki, heyətdə təcrübəli futbolçular var və bunun sayəsində baş məşqçinin bizdən nə istədiyini gözəl başa düşürük. İnamlı çıxışın başlıca səbəbi kollektiv halda yaxşı mübarizə aparmağımız və baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməyimizdir.
- Növbəti rəqibiniz “Qarabağ”dır. Bu komandanın adı və gücü haqda məlumatın var?
- Bilirəm ki, ölkənin ən güclü komandasına qarşı oynayacağıq. “Qarabağ” illərdir çempion olur, avrokuboklarda xoş təsir bağışlayır. Rəqib hər nə qədər güclü olsa da, biz öz hədəfimizdən əl çəkməməliyik. “Qəbələ”yə qarşı necə oynadıqsa, “Qarabağ”a qarşı da o cür çıxış etməliyik.
HƏBİB