
Köklü dəyişikliklərə məruz qalan “Qəbələ” cari mövsümdə meydana çıxdığı dördüncü oyunu da məğlub başa vurdu.
Konfrans Liqasında “Omoniya”ya hər iki oyunda uduzan (2:3, 1:4), Premyer Liqanın açılış turunda “Sabah”dan 5 cavabsız top buraxan bölgə təmsilçisi bu dəfə “Araz-Naxçıvan”la bacarmadı – 0:2.
“Qırmızı-qaralar”ın aparıcı siması – belçikalı yarımmüdafiəçi Əyyub Allaş Sportinfo.az-ın suallarını cavablandırıb.
- Dördüncü oyunda ardıcıl dördüncü məğlubiyyət. Nə baş verir?
- Komanda demək olar yenidən qurulub. 8 futbolçu gedib, bir o qədər oyunçu gəlib. 1-2 ayın içində bu cür dəyişikliyə getmək asan deyil. Xətlərarası anlaşma baxımından ciddi çətinlik çəkdiyimiz görünür.
- “Araz-Naxçıvan” da yeni yaranıb, həm də sıfırdan yığılıb.
- Başa düşürəm və bütün iradları qəbul edirəm. Birlikdə olmalıyıq, birləşib çıxış yolu tapmalıyıq.
- Kollektiv futbol oynamadığınıza işarə vurursan?
- Bəli. Amma ötən mövsüm belə deyildi. İstənilən halda vaxta ehtiyacımız var. Əminəm ki, bu vəziyyətdən çıxacağıq.
- “Omoniya” ilə ilk oyunun ilk yarısı inanılmaz dərəcədə möhtəşəm görünürdünüz. Nə xətlər arasında problem var idi, nə də kiminsə fərdi oyunu nəzərə çarpırdı. Oyununuzla kiprlilərə nəfəs almağa imkan vermirdiniz. Həmin 45 dəqiqədən sonra nə dəyişdi axı?
- Futbolda belədir. Həmişə eyni tempdə, eyni üslubda oynaya bilmirsən. Çünki rəqiblər fərqlidir. Onu da unutmayaq ki, builki çempionat ötən mövsümdəkindən daha çətin və gərgindir. Dediyim kimi, yığışmalı, məğlubiyyətləri unutmalı, güc toplamalı və yolumuza davam etməliyik.
- Hakimin final fitindən sonra azarkeşlərə tərəf getsəniz də, tribunadan soyuq münasibət gördünüz. Deyəcək sözün var?
- Azarkeşləri çox yaxşı başa düşürəm. “Qəbələ”ni daim yüksəklərdə görməyə alışıblar deyə, bu cür yenilgiləri qəbul etmirlər. Azarkeşlərdən xahişim budur ki, yanımızda olub, bizi dəstəkləməkdə davam etsinlər. Oyundan sonra futbolçu yoldaşlarımla da danışdım. Ümid edirəm ki, növbəti oyunda onları qələbə ilə sevindirəcəyik.
HƏBİB