“Dəhşətli idi” - HİK-in kapitanı “Qarabağ”da Zubiri yox, başqasını fərqləndirdi

13 Avqust 2023 18:35 Müsahibə 9 160
“Dəhşətli idi” - HİK-in kapitanı “Qarabağ”da Zubiri yox, başqasını fərqləndirdi

HİK-in kapitanı Miro Tenyo Sportinfo.az-a müsahibə verib.

28 yaşlı mərkəz müdafiəçisi Bakıda üzləşdikləri çətinlikdən bəhs edib, “Qarabağ”ın gücündən söz açıb, məğlubiyyətin səbəblərini dilə gətirib.

- Nə gözləyirdiniz, nə baş verdi?

- “Qarabağ”ın gücündən və səviyyəsindən xəbərdar idik. Xüsusən Avropada zəngin təcrübəyə sahibdirlər. Və bilirdik ki, bizi çətin oyun gözləyir. Aradakı fərq ilk 10-15 dəqiqədə özünü göstərirdi. Bir müddət “Qarabağ”ın təzyiqinin altından çıxa bilmədik. Müdafiə olunmağa məcbur idik ki, bu da bizə çətinliklər yaradırdı. Lakin oyunun gedişində, xüsusən də ikinci hissədə müəyyən dəyişikliklər etməklə özümüzə gəldik.

- Son yarım saatda kifayət qədər yaxşı təsir bağışlayırdınız. Finlandiyaya sərfəli nəticə ilə qayıtmağa nə mane oldu?

- Rəqibin təcrübəsi. Qapıçıları həlledici anlarda yaxşı oynadı, bəzən özümüz tələskənliyə yol verdik. Ən əsası, “Qarabağ” əlinə düşən imkandan maksimum yararlandı.

- “Qarabağ”la oynayan rəqiblər Bakıdan minimal hesablı məğlubiyyətlə qayıdan komandalar sevincli və ümidli görünür. Siz necə?

- Əlbəttə, 5-6 saatlıq uçuşdan sonra, üstəlik, bu cür hava şəraitində Bakıda bu cür oyun göstərməyin özü də böyük işdir. Dəhşətli dərəcədə isti və rütubət var idi. Bizdə heç vaxt belə olmur. Ona görə də çətinlik çəkirdik. Amma məğlubiyyətə görə sevinə bilmərik. Sadəcə, 1:2-dən sonra növbəti mərhələyə adlamaq şansımızın öz əlimizdə olduğunu düşünürəm.

- “Qarabağ”ın heyətində hansı futbolçuları fərqləndirə bilərsən?

- Hər biri öz mövqeyində fərqlənir. Hiss olunur ki, təcrübələri böyükdür. Müdafiəçi olduğum üçün hücum planlı oyunçular yadımda qalıb. Yassin Benziaya qarşı oynamaq çətindir. Ağıllı futbolçudur, daim hərəkət edir və boş mövqe axtarır. Belədə top onda olanda biz həm qaçmalı, həm də ağıl işlətməli oluruq. Xüsusən birinci hissədə bizi çox yordu.

- Sizdə belə deyil?

- (gülür) Bir həftədən sonra görəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti