"Musayev "Partizan"la oyundan öncə bizə dedi ki..." - Niderlandlı legionerlə MÜSAHİBƏ

12 Avqust 2023 22:40 Müsahibə 1 473
"Musayev "Partizan"la oyundan öncə bizə dedi ki..." - Niderlandlı legionerlə MÜSAHİBƏ

“Sabah”ın yay fasiləsində heyətinə qatdığı Jarl Marqarita Sportinfo.az-a müsahibə verib.

Niderlandlı yarımmüdafiəçi “Partizan” üzərindəki zəfərdən, ölkəmizə gəlişindən və indiki durumundan danışıb.

- Favorit göstərilən "Partizan"a meydanda heç bir şans vermədiniz. Oyun haqqında nələr deyə bilərsən?

- Bu oyunun çətin keçəcəyini bilirdik. Lakin bütün komanda bu matça böyük həvəslə hazırlaşmışdı. Çətin oyun oldu. Lakin komanda olaraq var qüvvəmizlə mübarizə apardıq və sonda bu oyundan qələbə ilə ayrılmağı bacardıq.

- Maraqlıdır, adlı-sanlı rəqiblə oyundan öncə baş məşqçi sizinlə son söhbətində nələr demişdi?

- Hər birimizdə gərginliyin olduğunu, hər birimizin bu oyunun vacibliyini dərk etdiyini dedi. Meydana çıxıb sona kimi birgə mübarizə aparmalı olduğumuzu bildirdi. Fikrimcə, biz bunu yaxşı bacardıq.

- Belə üstünlüyü əldə etmək böyük uğurdu, bəs bunu Belqradda qorumaq çətin olmayacaq?

- Əlbəttə, çətin olacaq. Rəqib ev oyunlarını çox vaxt dolu tribunalar önündə keçirir. Dolu tribuaların rəqib futbolçuları 1-ci dəqiqədən hücuma səsləyəcəyini nəzərə alsaq, bizi Beqradda çətin oyunun gözlədiyini deyə bilərik.

- Ardıcıl ikinci oyunda start heyətdə meydana çıxdın. Qısa müddətdə əsas heyət üzvünə çevrildiyini düşünmək olar?

- Əlbəttə, yox. Keçən mövsüm möhtəşəm mövsüm keçirmiş komandaya gələndə burada əsas heyətdə yer almağın çətin olacağını, bunun üçün çox çalışmalı olduğunu bilirsən. Mən də start heyətində yer almaq üçün hər gün bir az da çox çalışıram. Bunun üçün əlimdən gələni edirəm. Təbii ki, digər futbolçular da həmçinin.

- Azərbaycan Premyer Liqasında 1-ci tur arxada qaldı. Yəqin ki, oyunları izləmək imkanın oldu. İlkin təəssüratların necədir?

- Bəli, ilk turun oyunlarına baxdım. Şadam ki, çempionata uğurlu start verə bildik. Lakin bu hələ ilk turdur. Qarşıda bizi uzun mövsüm gözləyir

- Paytaxtı gəzmək imkanın oldumu? Oldusa təəssüratların necədir?

- Bəli, şəhəri gəzmək fürsətim olub. Çox gözəl şəhərdir. Burda olmaqdan məmnunam.

- Əcnəbi futbolçular adətən mətbəximizi bəyənir. Sənin yeməklərimizlə aran necədir? Daha çox nəyi bəyənirsən?

- Düzünü desəm, yerli yeməkləri çox yeməsəm də, bəzi yeməkləri dadmışam. Hansı ki, çox dadlı yeməklər idi. Ancaq mən yenə də öyrəşdiyim öz mətbəximizə üstünlük verirəm (gülür).

- "Sabah" azarkeşlərinə gələcəklə bağlı nə vəd verə bilərsən?

- Sadəcə, onu deyə bilərəm ki, bu kluba əlimdən gələnin ən yaxşısını verəcəyəm. Təkcə mən yox, bütün komanda bu amal üçün mübarizə aparır və hər keçən gün bir az daha inkişaf etməyə çalışır. İnanıram ki, klub olaraq azarkeşlərimizlə birlikdə böyük uğurlara imza atacağıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti