“Turan”ın yeni legioneri “Neftçi”nin sevimlisinin ən yaxın dostu imiş

8 Avqust 2023 20:00 Müsahibə 1 783
“Turan”ın yeni legioneri “Neftçi”nin sevimlisinin ən yaxın dostu imiş

“Turan Tovuz” cari mövsümdəki ilk oyundan parlaq qələbə ilə ayrıldı.

Qərb təmsilçisi çempionatın açılış matçında “Araz-Naxçıvan”ın qapsından 3 cavabsız top keçirməyi bacardı.

Oyundan sonra komandanın yeni transferlərindən olan və qol vurmaqla adını tabloya yazdıran Otto Con Sportinfo.az-a müsahibə verib.

- İlk oyunda qolçuluq bacarığını göstərdin. Debütlə bağlı fikirlərini eşitmək maraqlıdır.

- Mövsümün açılış oyunu həmişə çətin olur. Bu gün əsas heyətdə yer alanların yarısından çoxu komandaya yeni qoşulub. Buna görə də bir az çətinlik çəkdik. Təlim-məşq toplanışında çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Qələbədə mənim də payım varsa, nə gözəl.

- Debüt oyununda qol vuracağını təxmin etmişdin?

- Hücumameylli futbolçuyam. Üzərimə düşən öhdəlik qol vurmaq, ən pis halda qol ötürməsi verməkdir. Mən də bunun üçün çalışırdım. Əlimə fürsət düşdü, dəyərləndirdim. Qol vurmağım bir tərəfə, məni ən çox sevindirən komandamızın göstərdiyi performans və çempionata qələbə ilə başlamaqdır. Təxminimə gəlincə, nəyə qadir olduğumu bələdəm. Bilirəm ki, daha çox çalışmaqla daha artığını edə bilərəm.

- “Turan Tovuz”dan təklif alana qədər ölkəmiz və futbolumuz haqda hansı məlumatlara sahib idin?

- Əlbəttə, xəbərim var idi. “Neftçi”də oynamış Yusuf Lavalı yəqin ki, xatırlayırsınız. O, mənim ən yaxın dostumdur. Nigeriyada eyni akademiyada oynamışıq, bir yerdə böyümüşük. Laval “Neftçi”də oynayanda həm “Neftçi”ni, həm də Azərbaycan çempionatını diqqətdə saxlayırdım.

- Laval nə deyirdi?

- Ölkə və çempionat haqda ən yüksək fikirdəydi. Yusufun nəsə deməsinə gərək yox idi. Çünki, ən yaxın dostumun performansını izləyirdim. Belədə, istər-istəməz Premyer Liqa haqda müəyyən bilgilər toplayırdım. Ona görə də təklif gələndə düşünmədim, dərhal razılaşdım.

- Yusuf paytaxt Bakıda yaşayırdı. Sən isə bölgədə - Tovuzda qalacaqsan. Bu məqam səni narahat etmir?

- Xeyr, qətiyyən! Mən bura işləməyə gəlmişəm, istirahət etməyə yox. Əsas odur şəraitimiz var, güclü azarkeş dəstəyinə sahibik. Qalan şeylərə görə narahat olmağa dəyməz. Bakıda, yaxud Tovuzda yaşamaq fərq etməz. Vacib olan rahatlıq tapmaq, durmadan çalışmaq və hədəfə çatmaqdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti