
“Araz-Naxçıvan”ın futbolçusu Miço Kuzmanoviç Sportinfo.az-a müsahibə verib.
“Turan Tovuz”la oyunda komandasının ən yaxşılarından olan bosniyalı yarımmüdafiəçi 0:3 hesablı ağır məğlubiyyətdən və gələcəklə bağlı gözləntilərindən danışıb.
- Rəqiblə başa-baş mübarizə aparsanız da, böyük hesablı yenilgi ilə üzləşdiniz. 0:3 ağlından keçirdi?
- Kollektiv halında toplanış keçmək üçün yetərincə vaxtımız olmamışdı. Futbolçular başqa-başqa vaxtlarda gəlmişdi deyə, uyğunlaşma prosesi bir qədər vaxt apardı. Bu gün komanda çempionata 70-80 faiz hazırdır. Buna baxmayaraq, rəqiblə başa-baş mübarizə apardıq, əlverişli qol imkanları yaratdıq. İlk oyunumuz idi, amma yenə də uduzduğumuza görə çox üzgünük. Çatışmazlıqları aradan qaldırmaqla növbəti görüşlərdə daha yaxşını edəcəyimizi düşünürəm.
- Məğlubiyyətin əsas səbəbkarı qapıçınız oldu. Sənə elə gəlmir ki, həmyerlin Semir Bukviç kobud səhvlərə yol verməsəydi, sonluq bu cür olmayacaqdı.
- Semir yaxın dostumdur, nəyə qadir olduğunu bilirəm. Sadəcə, bu gün onda alınmadı. Komanda udanda qələbə hamımızın olduğu kimi, uduzanda da günahkar hamımız oluruq. Futbolda bu cür hallar olur. Bu o demək deyil ki, sırf Semirə görə uduzduq. Növbəti oyunlarda daha yaxşı nəticələr qazanmaqla bu yenilgini unutdura bilərik.
- Bukviçə nə olmuşdu? Sanki özündə deyildi.
- Problem olduğuna inanmıram. Sadəcə, Azərbaycanda ilk oyunu idi. Bəlkə də müdafiəçilərlə anlaşmasında problem var idi. Məncə, buna görəydi. Meydan oyunçularının işi elədir ki, səhv edəndə o qədər də nəzərə çarpmır. Amma qapıçı səhv edəndə həlledici olur.
HƏBİB