
“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç “Jelezniçar” üzərində qazanılan qələbə (2:0) haqda Sportinfo.az-ın suallarını cavablandırıb.
-Vacib qələbədən sonra özünü necə hiss edirsən?
- Doğru qeyd etdiz, çox vacib qələbəydi bizim üçün. Fikrimcə, hər iki matçda “Jelezniçar”dan üstün futbol oynamaqla növbəti mərhələni haqq etdik.
- Son 10-15 dəqiqədə komanda yorğun görünürdü. Hava şəraitinə görəydi, yoxsa fiziki yüklənmələrin təsiridir?
- Hər iki amilin rolu var. Bir də ki, hesabda 2:0 öndəyiksə, rəqibin təzyiq və pressinq edərək bizi də daha çox qaçmağa məcbur etməsi normaldır.
- 1:0-dan sonra sanki komandada narahatlıq var idi. 2:0-dan sonra rahatlaşdınız. Kənardan belə görünürdü.
- Məqsədimiz 2-ci qolu da vurmaq idi ki, rahat öz oyunumuzu oynayaq. Ola bilsin, bu, kənardan narahatlıq kimi görünüb. Əslində tələsirdik.
- Avrokuboklarda zəngin təcrübəyə sahibsən. İndiyə qədər bu cür çirkin futbol oynayan komanda ilə rastlaşmışdın?
- Hər komandanın öz oyun üslubu var. “Jelezniçar” yaxşı komandadır, döyüşməyi, mübarizə aparmağı sevir. Bu futbol mentaliteti mənə tanışdır. Xorvatiyada da əksər komandalar bu cür oynayır. Ona görə də mənə təəccüblü görünmədi.
- Hər iki görüşdə sənə yad olan nominal hücumçu mövqeyində oynadın. Özünü necə hiss edirdin?
- Mənim üçün hansı mövqedə oynamağın fərqi yoxdur. Əsas odur meydandayam və komandama kömək edirəm. Bacardığımı etməyə çalışdım.
HƏBİB