
“Rakuv”un hücumçusu Con Yeboa Sportinfo.az-a müsahibə verib.
Polşa çempionunun yay fasiləsində heyətinə qatdığı almaniyalı forvard “Qarabağ”la Bakıda 1:1 başa çatan Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması haqda maraqlı fikirlər səsləndirib.
- “Qarabağ” kimi güclü rəqibi mübarizədən kənarlaşdırmağı bacardınız. Bu, sizin üçün nə dərəcədə gözlənilən idi?
- “Qarabağ” həqiqətən güclü komandadır. Bu cür rəqiblərə qarşı oynamaq çətindir. Bir də buradakı isti də bizə ciddi problem yaradırdı. Bütün çətinliklərə baxmayaraq, komanda şəklində birlik nümayiş etdirib hədəfə çatmağı bacardıq. Bu, bizim üçün əla başlanğıc oldu, növbəti oyunlar öncəsi komanda üzvlərinə əlavə güc verdi.
- Püşkatmadan sonra “Qarabağ”ın adını eşidəndə hansı hisləri keçirmişdiniz?
- Düzünü desəm, “Qarabağ” haqda geniş bilgilərə sahib deyildim. Ancaq komanda yoldaşlarım arasında rəqibi tanıyanlar var idi və onlar “Qarabağ”ın güclü və təhlükəli rəqib olduğunu deyirdi. İki oyunda rəqibin səviyyəli komanda olduğunu gördüm. Bu cür rəqibi keçdiyimizə görə xoşbəxtik.
- “Rakuv” yaxşı təşkilatlanmış komandadır və mərhələ adlamağı haqq etdiyinizi deməliyəm. Lakin komanda yoldaşlarının tez-tez yerdə qalıb vaxtı uzatması Polşa çempionunun imicinə kölgə saldı. Səncə, bu, normaldır?
- Bayaq dediyim kimi, hava şəraiti bizə istədiyimiz kimi oynamağa imkan vermirdi. Adi epizodda nəfəs almaq çətin idi, o ki qalmışdı meydanda qaça-qaça nəfəs almaq. Ancaq hər dəfə kiminsə yerdə qalmasının vaxtı uzatmağa hesablandığını deyə bilmərik. Məsələn, mən uzun müddət yerdə qaldım, həkim müayinəsindən sonra zədələndiyim məlum oldu və əvəzləndim. Digər tərəfdən, top daim “Qarabağ”da olurdu deyə, biz daha çox qaçırdıq, yorulurdur. Çox qaçan komandanın futbolçularında qıcolmalar baş verir, yorğunluq özünü göstərir. Bir də ki, futbolda bu cür halları tez-tez görürük. Udan komanda tempi aşağı salmaqla hansısa mənada üstünlük qazanmağa çalışır. Avropanın aparıcı klublarının oyunlarında da bu cür hallar yaşanır. “Qarabağ” udsaydı, onların futbolçuları da yerə yıxılacaqdı. Bunu əminliklə deyirəm.
HƏBİB