
"Sumqayıt"ın yay fasiləsində heyətinə qatdığı Erik Sorqa Sportinfo.az-a müsahibə verib.
Estoniya millisinin forvardı ölkəmizə gəlişi, yeni klubu və gələcək planlarından danışıb.
- "Sumqayıt"a keçidin necə baş tutdu?
- Klub agentimlə əlaqə saxladı. Davamında təfərrüatları müzakirə etdik və bura gəlməyə qərar verdim.
- Transferindən əvvəl ölkəmiz və çempionatla bağlı hansı bilgilərə sahib idin?
- Çempionatla bağlı məlumatım o qədər də çox deyildi. Amma “Qarabağ” həmişə adın eşitdiyim, Çempionlar Liqasında da gördüyüm klub olub.
- Ölkəmizdə çıxış edən bir neçə həmyerlin olub. Bəs onların arasında kiminləsə məsləhətləşdiyin oldumu?
- Bəli, oldu. Vaxtilə “Qəbələ”də çıxış edən estoniyalı oyunçumuz Sergey Zenyovundan müəyyən məsləhətlər aldım.
- Arxada qalan günlər yeni komandanın təmsil etdiyi şəhəri gəzmək, tanımaq imkanın oldumu? Oldusa, ilkin təəssüratların necədir?
- Gələndən sonra şəhəri kəşf etməyə çox vaxtım olmadı, amma artıq müəyyən şeyləri kəşf etməyə müvəffəq olmuşam.
- Maraqlıdır, nələri?
- Şəhərin mərkəzi gözəl görünür, onu gəzmək çox xoşdur. Yemək və ya istirahət etmək üçün çoxlu yerlər var. Ən əsası isə çox yaxın və saatlarla baxa biləcəyiniz dəniz var.
- Düşərgəyə qoşulan ilk legioner sənsən. Sonrakı yeni əcnəbilərdən klub barədə səndən maraqlanan oldumu?
- Klubda yeni olduğum üçün Steven Pereira mənə hər şeyi daha çox öyrənməyə kömək edir. Başqaları ilə bölüşmək üçün hələ də hər şeyi bildiyimi söyləməzdim, amma bildiyim hər şeyi, əlbəttə ki, yeni uşaqlarla paylaşdım.
- Yoxlama oyunları olsa belə, "Sumqayıt" formasında meydana çıxdığın ikinci matçdaca hettriklə yadda qaldın. Bu barədə nələr deyə bilərsən?
- Türkiyədə 2 oyun keçirdik. Təəssüf ki, qələbə qazana bilmədik, amma bizi uğura aparacaq bir çox lazımlı detalları tapdıq. Yoldaşlıq oyunları kimin necə oynadığını, xüsusən də yeni oyunçuları görmək üçün keçirilir. Şəxsən mənim üçün 3 qol çox sevindirici nəticədir.
- Bunu komandaya tam adaptasiya olmağın kimi də qəbul edə bilərikmi?
- Xaricilərlə, azərbaycanlılarla danışa bildiyim üçün komandaya asanlıqla qoşuldum. Və bildiyiniz kimi, futbolda ünsiyyət vacib amildir, bu, mənim futbol həyatımı burada rahat edən əsas detallardan biridir. Düşünürəm ki, bu, çempionata hazır olduğumu göstərir.
- Baş məşqçi Samir Abasovun məşqləri, düşüncələri barədə nələr deyə bilərsən?
- Məşqçiyə də, onun qurduğu plana və oyun tərzinə də çox hörmət edirəm. Mən bunu yeni mövsüm üçün çox yaxşı perspektiv kimi görürəm. Məşqlər gərgin və maraqlıdır. Buna görə də kimsə məşqlərdən sıxılmır.
XANOĞLAN İMANOV