“Qarabağ” ona bundan artıq necə hörmət etməliydi?” – Qara mövzusuna nöqtə qoydu

24 İyul 2023 20:40 Müsahibə 4 361
“Qarabağ” ona bundan artıq necə hörmət etməliydi?” – Qara mövzusuna nöqtə qoydu

Günün aktual adamı Qara Qarayevdir.

18 illik daşıdığı formanı “Qarabağ”ın əzəli rəqibi “Neftçi”yə dəyişən təcrübəli futbolçunu bu addıma görə qınayanlar az deyil.

Lakin əsas tənqid hədəfi “Qarabağ”dır. Ki, klub sosial media səhifələrində vitse-kapitana bir cümləylə uğur arzulayaraq layiqli şəkildə yola salmayıb.

İctimaiyyətdə fikir ayrılığı olduğundan, yaşananlara klubun direktoru Əmrah Çəlikəllə söhbətdə aydınlıq gətirməyə çalışdıq.

- Qara Qarayevin bu cür qərar verəcəyini gözləyirdinizmi?

- Qaranın əvvəlki açıqlamalarına, bizə, yəni, klub və komandaya yanaşmasına baxsaq, xeyr, gözləmirdim. Nə oldusa, iki gün ərzində oldu. Bir ay, ayyarım əvvəlki açıqlamalarına baxsanız görəcəksiniz ki, “ancaq “Qarabağ”da oynamaq istəyirəm, futbolla “Qarabağ”da vidalaşacağam” kimi sözlər var.

- Qaranın “Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilin yayına kimiydi, deyilmi?

- Bəli.

- Və özü yaxınlaşıb, getmək istədiyini bildirdi.

- Bəli.

- Müqaviləsindəki maddi şərt əvvəldən yazılan kimi qalmışdı, yoxsa azaltmışdınız və ya bu bunu təklif etmişdiniz?

- “Qarabağ”da maaş artımı olur ki, azalma olmur. Müqavilə bağlayanda hansı məbləğ yazılırsa, həmin məbləği alır. Bu, tək Qaraya yox, hər bir futbolçuya aiddir. Hətta futbolçu ehtiyatda qalanda, zədələnəndə belə, maaş azalmasından söhbət getmir. Qanun nə deyirsə, ona da əməl edirik.

- Elədirsə, gedişinin səbəbi kimi nəyi göstərdi? Niyə getdi?

- “Qarabağ”da oynamaq şansı az olduğundan, mütəmadi forma şansı qazanmaq istədiyini dedi və getdi. Bu məsələdə bizim üçün vacib olan baş məşqçinin yanaşması idi ki, Qurban Qurbanov da “qalmaq istəmirsənsə, gedə bilərsən” söylədi.

- 20 ildir “Qarabağ”dasınız. Qara şəxsiyyət kimi gözünüzün qarşısında böyüyüb, futbolçu kimi qarşınızda yetişib. Bu ayrılıq sizə necə təsir etdi?

- Əlbəttə ki, pis. Heç istəməzdik getsin. Bu gün Qara özünü burada deyil, başqa komandada görürsə, biz onu güclə saxlayası deyildik. Tək mən yox, hamımız üzüldük. Çox yaxşı münasibətimiz var idi, ona ailəsi kimiydik. Qara “Qarabağ”a gəldiyi gündən biz klubda olmuşuq. Özünün verdiyi qərardır, heç kim ona təsir etməyib.

- Qaraya olan sevginiz, dostluğunuz əvvəlki kimi qalacaq, yoxsa münasibət istər-istəməz dəyişəcək?

- Futbolçu kimi hörmət edəcəyik, “Qarabağ”a göstərdiyi xidmətlərə görə hər zaman təşəkkür edəcəyik. Dünyanın heç bir yerində heç bir klub “mən daim oynamaq üçün başqa kluba keçmək istəyirəm” deyən futbolçunu biz buraxdığımız kimi buraxmır.

- Yeri gəlmişkən, Qaranı təzminatsız buraxdınız? 1 manat da almadan?

- Əlbəttə. Bu, bizim Qaraya olan mənəvi borcumuz idi. Ona olan sevgimizin və diqqətimizin göstəricisi kimi qəbul olunmalıdır. Hətta gedəcəyi klub bizə məlum olduqdan sonra da təzminat barədə danışmadıq.

- Baxmayaraq ki, “Neftçi” əzəli, çempionatdakı əsas rəqibinizdir.

- Təbii ki.

- Sosial şəbəkələrdəki müzakirələrdən və yazılanlardan mütləq ki, xəbərdarsınız. “Qarabağ” Qarayevin 18 illik karyerasının bir cümləyə sığdırılmasına görə tənqid olunur. Bu münasibəti haqq edirdi, yoxsa başqa cür də vidalaşmaq olardı?

- İndiyə qədər bütün futbolçularla eyni cür vidalaşmışıq, Qarayla da o cümlədən. Qara özünə görə peşəkar qərar qəbul etdi, bizə də qərarı dəstəkləmək qalır. Klub Qarayevə münasibətini lazım olan şəkildə göstərdi. Yenə deyirəm, rəqib komandaya keçidinə görə 1 qəpik də təzminat istəmədik, əksinə, Qaranın istədiyi şəraiti yaratdıq. “Qarabağ”, klub rəhbərliyi, baş məşqçi ona bundan artıq necə hörmət etməliydi? Məncə, yazılanlar aranı qatmaq istəyənlərin əsassız iddialarıdır. Bu günə qədər Qaranın bizə olan sevgisindən, hörmətindən heç vaxt şübhəmiz olmayıb. Bizim də ona olan sevgimizi özü bilir.

- Qara özü də paylaşım edib. Görmüsünüz?

- Görmüşəm.

- Paylaşdığı postda klubda hər kəsə təşəkkür etsə də, nədənsə, Tahir Gözəllə, Qurban Qurbanovla, sizinlə olan fotoları yox, klubda çalışan personalla çəkdirdiyi şəkilləri yerləşdirib.

- Həmin şəkilləri bazadan çıxanda çəkdirib. Və bazadan çıxan kimi maşında paylaşıb. Mən Qara olmadığım üçün sualınıza dəqiq cavab verə bilmirəm.

- Sizinlə şəkil çəkdirmədi?

- Hamımızın birlikdə xatirə şəklimiz, hətta şəkillərimiz çəkilib. Qaranın mənim telefonumda 100-lərlə fotosu var. Məncə, bu, müzakirə mövzusu deyil. Yox, maraqlı məqamdırsa, sualın cavabını Qara verə bilər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti