
Yay transfer pəncərəsinin ən gözlənilməz keçidi təbii ki, Budaq Nəsirov oldu.
Bir vaxtlar sorağı Portuqaliya nəhəngi “Sportinq”dən gələn, sərbəst qalma məbləği 60 milyon avro təyin edilən istedadlı futbolçu uğurun davamını gətirə bilmədi. O, qısa müddətdə də kölgəyə çəkildi.
Artıq futbolu tam atan, Türkiyədə başqa sahədə işləyən 27 yaşlı yarımmüdafiəçiyə nə az-nə çox iki illik fasilədən sonra Ayxan Abbasov qucaq açdı.
Budaqla danışmaq üçün etdiyimiz bir neçə uğursuz cəhddən sonra nəhayət ki, bu dəfə danışmaq razılığı ala bildik.
Düzdü, yenə çox danışmadı, suallardan maksimum yayında. Amma çətinliklə olsa da müəyyən məsəllərə aydınlıq gətirə bildik.
- Uzun müddətdən sonra ilk dəfə "Araz Naxçıvan"la yoxlama oyununda meydanda oldun. Hisslərin maraqlıdır...
- Qayıtmaq çox çətin oldu. Məşqlərin oyun kimi olmadığını “Araz”la görüşdə hiss etdim.
- Qayıtmaq qərarın surpriz oldu. Maraqlıdır, bu, necə baş verdi?
- Gecə 3-də qərar verdim ki, futbola qayıtmalıyam (gülür).
- Davamında ilk kiminlə danışdın?
- Açığı, bu barədə kimsəyə nəsə deməmişdim.
- Bəs necə oldu ki, dönüşün baş tutdu?
- Sırf təsadüfdən verdiyim qərardan bir həftə keçmiş Kamal Bayramov ("Turan"nın qapıçısı) mənə zəng etdi. Bildirdi ki, eşitmişəm rayondasan, gəl görüşək. Görüşdə mənə dedi ki, məşqçi və futbolçu kimi yenidən idmana qayıt. Mən də onda qərarımı bildirdim ki, belədisə futbola qayıdaram.
- Kamal olmasaydı qərarını nə vaxt açıqlamaq istəyirdin?
- Düşünürdüm ki, məşqlər edim və 2 aydan sonra "Turan"a müraciət edərəm. Kamal Türkiyədə olduğumu düşünürmüş. Uşaqlardan rayonda olduğumu eşidən kimi sağ olsun zəng eləmişdi.
- Bir anda və gecə üçdə belə qərar verməyinə nə səbəb oldu?
- Futbol üçün çox darıxmışdım.
- Bu qədər uzaq qalmağın necə baş verdi?
- Səbəblər çoxdur.
- Məsələn...
- Detallara getmək istəmirəm.
- Yəqin ki, çox çətin dönəmi arxada qoydun..
- Bəli.
- Belə gündə yanında olanlar oldumu?
- Bəli, oldu.
- Gözlədiyin qədər?
- Gözləmədiklərimdən onsuz da yaxınlıq gözləmirdim.
- Təbii ki, komandaya qayıdışınız üçün əsas qərar verən adam Ayxan Abbasov olub. Onunla ilk söhbətinizdə sənə nə dedi?
- Bir kəlimə onu dedi ki, güclü olan meydanda olacaq. Sən də yaxşı oynasan heyətdə yer alacaqsan.
- Bilirik ki, Ayxan müəllim tələbkar məşqçidir. Ümidləri doğruldacağına özündə güvən hiss edirsən?
- Bəli, inamım var. Amma etiraf edim ki, o gücüm hələ yoxdur. Lakin qayıtmışamsa əvvəlkindən daha yaxşı olmaq istəyirəm. Çünki 4 ildə itirdiklərimi geri qaytarmalıyam.
- Meydandandakı hərəkətlərinə diqqət etdim. Uzun müddətdən sonra gözlədiyimdən daha yaxşı Budaq gördüm. Bu, son 2-3 ayın məşqlərinin nəticəsidir, yoxsa zaman-zaman üzərində işləyirdin?
- Son iki ayın nəticəsidir.
- Premyer Liqanı kənardan necə qiymətləndirirsən? Qoyub getdiyinlə indiki arasında nə fərqlər var?
- İnandırım sizi Premyer Liqanın matçlarına son 4 ildə yalnız ötən mövsümün son 3 ayında baxmışam.
- Futboldan küsmüşdün?
- Ola bilər.
- Artıq barışmısan. Sənə bu yolda uğurlar.
- Çox sağ olun. Təşəkkür edirəm.
XANOĞLAN İMANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.