
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Sportinfo.az-a müsahibə verib.
Təcrübəli mütəxəssis yeni mövsümə hazırlığı, yeni transferlərin son durumu və gələcək perespektivləri dəyərləndirib.
- Artıq bir neçə gündür komanda sərəncamınızdadır. Futbolçular istirahətdən necə qayıdıb?
- Uşaqlar gözlədiyimizdən yaxşı qayıdıblar. Çünki bir aylıq proqram vermişdik. Görünən odur ki, tam yox, artıqlaması ilə yerinə yetiriblər.
- 10-a yaxın futbolçu komandadan getdi. Arasında üzüldükləriniz oldu, yoxsa getməyini arzuladığınız siyahı idi?
- Bu futboldu. Kimlərsə getməlidir. Normal bir prosesdir. Əsas odur gələnlər bizi üzməsin (gülür).
- Sanki keçikirlər, artıq indidən üzdüklərini demək olar?
- Yox, buna gecikmə deməzdim. Bu, Azərbaycan futbolunun qlobal problemidir. Həmkarlarımla danışanda da hamısı başın tutur. Top-futbol ölkələri deyilik ki, futbolçular bizi itirməkdən çəkinsinlər. Məsələn, düşünmürlər ki, amandı getmərəm başqasın götürərlər. Hətta gəlmək istəyənlər də istirahət etmələrin önə çəkib, daha cəlbedici təklif gözləyərək bizlərə cavab deməyi uzadırlar.
- Gecikməni bir qədər də tələsmək yox, səbrli olmaq yolunu seçməyiniz kimi qiymətləndirmək olarmı?
- Açıq deyim ki, futbolçu siyahısının ardı-arası kəsilmir. Bəyəndiklərimiz də var. Amma kim olduğumuzu unutmuruq. Ayağımızı yorğanımıza görə uzadırıq. Sadəcə seçdiklərəmizin özlərinin bura gəlməmələri bizi üzür. Bu pulla bağlı da deyil. Məsələn, ilk vaxtlarda 15 mindən aşağı gəlmək istəməyən futbolçu indi 10 minə gəlməyə hazırdı. Mən futbolçuların real qiymətin bilirəm. 6 minlik oyunçunun 15 min istəməsi real deyil. Bir müddət keçəndən sonra biz dediyimizdən də aşağı qiymət olacaq. Bəziləri deyə bilər ki, pulun verib gətirməlisən. Amma dəyərindən 3-4 qat artıq qiymətə gətirəndə sabah onun cavabın vermək lazımdır. Deyəcəklər səndə 15 minlik futbolçu varsa, "Zirə", "Sabah" kimi klublarla ayaqlaşmalısan. Biz buna getməyəcəyik. Vaxtımız var. Səbrlə hərəkət edirik. Danışıqlar indi də davam edir. Əmin olun ki, bizdən asılı məsələ deyil. Bir az da agentlərin cığallığı var. Soruşur ki, flan oyunçunun qiyməti 5-6 min olar? Deyirsən ki, hə. Təklifi göndərirsən və gedib klubuna deyir ki, "Sumqayıt" bu qiyməti verir. Avtomatik öz qiymətin qaldırır. Artıq biz də bu şeyləri yaxşı bilirik. Ona görə də tələsmirik.
- Daha çox legionerlərdən danışdıq. Bəs yerli bazarada mənzərə necədir?
- Yerli bazarda bu gün namizədimiz yoxdur. Lazım olanları götürmüşük. Qeyri-adi nəsə olsa başqa məsələ. Rusiyada, Ukraynada olan azərbaycan əslli oyunçuları gətirmək də çətinləşib. Bir sözlə, hazırda fikrimiz əcnəbi oyunçulardan yanadır.
- Məşqlərdə əvəzedici komandadan cəlb edilən 3-4 futbolçu diqqətimi çəkdi. Bu, say azlığından irəli gələn məcburiyyətdir, yoxsa planda vardı?
- Yox, yox. Onlar mövsümün gedişində də mütəmadi olaraq məşqlərə qoşulurdular. Biz hətta U-19 komandamızdan da bir neçə oyunçu götürmək istəyirdik. Sadəcə onların çempionatı gec qurtardığından fikrimiz alınmadı. Orda da perespektivli uşaqlar var. Toplanışı bizimlə keçmələrin istəyirdim. Həftəlik məşqlərimizdə olmaları başqadı, bir ay bizimlə toplanış keçmələri başqa. Üzüldüyüm məqam bu oldu. Bir qədər istirahət etsinlər, onlar da hazırlığa qoşulacaqlar.
XANOĞLAN İMANOV