“Bu dönəmdə onlara ciddi nəzarət etmək lazımdır” - Çempion məşqçi ilə MÜSAHİBƏ

25 İyun 2023 19:00 Müsahibə 1 416
“Bu dönəmdə onlara ciddi nəzarət etmək lazımdır” - Çempion məşqçi ilə MÜSAHİBƏ

Bir neçə gün əvvəl "Sabah"ın U-12 komandası Türkiyədə təşkil olunan "Rize Cup" turnirində qalib oldu.

Azərbaycan təmsilçisi 12 komandanın iştirak etdiyi yarışın finalında "Altınordu"nu məğlub etməklə (1:0) bu uğura nail olub.

Komandanın baş məşqçisi Nasir Nəsirli Türkiyədəki çempionluq və akademiyanın fəaliyyəti ilə bağlı Sportinfo.az-a müsahibə verib:

- İlk öncə çempionluq münasibəti ilə sizi təbrik edirəm.

- Çox sağ olun.

- Turnirlə bağlı təəssüratlarınız necədir?

- Turnirdə çox güclü komandalar var idi. Təşkilatçılıq ən üst səviyyədə oldu. Gürcüstan və Moldovadan rəqiblər vardı. Komandamız layiqli çıxış edərək sonda çempion oldu.

- Son illər "Sabah" akademiyasının Gürcüstan və Türkiyədə keçirilən belə turnirlərə tez-tez iştirak etdiyini görürük. Bu yarışların uşaqların inkişafında nə kimi təsirləri var?

- Hər nə qədər ölkə xaricində bu kimi turnirlərə getsək, əcnəbi klublarla oyunlar keçirsək yaxşı olar. Uşaqlar böyük təcrübə qazanırlar. Daha sürətlə inkişaf edirlər. Bir sözlə, səviyyə sürətlə yüksəlir. Bu baxımdan rəhbərlik sağ olsun bu kimi turnirlərdən kənarda qalmamağımıza çalışır.

- Çempion komandanızdan kimlərləsə fərdi olaraq maraqlanan oldumu?

- Fərd olaraq yaxınlaşan olmadı. Amma ümumi olaraq komandamıza münasibət çox müsbət idi. Xoş sözlər dilə gətirdilər.

- Digər komandaların üzvləri ilə öz yetirmələrinizi müqayisə aparası olsaq hansı qənaətə gəlmək olar?

- Komanda olaraq, uşaqların keyfiyyəti olaraq heç kimdən geri qalmırıq. Sadəcə, rəqiblər daha təcrübəli olduğu hiss olunurdu. Məsələn, "Altınordu" başqa bir turnirdən gəlib bu turnirdə iştirak etdi. Yəni onlarda tez-tez belə yarışlarda oynamağa üstünlük verilir. Bu da uşaqların daha inamlı olmasına, meydanda sərbsət çıxış etməsinə birbaşa təsir edir.

- Bir müddət əvvəl "Neftçi" klubunun da aşağı yaş qrupları Türkiyədə turnirdə oldular. Həqiqətən də oyunlara baxanda futbolçularımızın rəqiblərdən geri qalmadığı açıq sezilir. Bəs 16-17 yaşdan sonra nə baş verir ki, arada ciddi uçurum yaranır?

- Keçid dövründə uşaqların rejimi dəyişir.Bu dönəmdə onlara ciddi nəzarət olunması lazımdır. Bu, təkcə akademiya ilə bağlı məsələ deyil. Həm valideynlər, həm də məktəbdə müəllimlər həssas dövrdə uşaqlarla çox ehtiyatlı davranması lazımdır.

- Turnir ərzində rəqib həmkarlarla bu yöndə müzakirəniz oldumu? Onlar nə düşünür?

- Bəli, uzun-uzadı danışdıq. Cavab tapmağa çalışdıq ki, niyə bəlli yaşdan sonra biz uşaqları itiririk? Onlar da yuxarıda sadaladığım məqamları xüsusi qeyd etdilər. Bir sözlə, keçid dövrlərində məşqçi, valideyn və müəllim arasında bağ daha möhkəm olmalıdır.

- Gələcəkdə bu uşaqların ölkə xaricində olan akademiyalara göndərilməsin görə bilərikmi?

- Bəli. Hətta arxada qalan dönəmdə də bu addımlarımız olub. Bildiyiniz kimi "Dinamo” (Zaqreb) ilə əməkdaşlıq edirik. Bir müddət əvvəl 5 futbolçumuz təcrübə qazanmaq üçün Xorvatiya klubunun akademiyasın göndərilmişdi. Oxşar addımlar son illər atılır. İnşallah, gələcəkdə də olacaq.

- Daxili yarışlarda olduğu kimi, artıq ölkə xaricində də akademiyanın uğurları diqqətdən qaçmır. “Sabah” gənc komandadır. Qısa müddətdə belə uğurlu olmağın sirri nədədir?

- Rəhbərlik akademiya üçün hər bir şərait yaradıb. Regionlarda çalışan məşqçilərimiz daim axtarışdadır. İstedadlı uşaqlar akademiyamıza cəlb olunur. Bölgələrdən gələn uşaqlarımız paytaxtda yaxşı şəraitdə qalırlar. Ölkə xaricində olan turnirlərdə böyük təcrübə qazanmağımıza hər tərəfli dəstək göstərilir. İstər məktəb, istər geyim dəsti, istər qidalanma ən üst səviyyədə diqqətdə saxlanılır. Təbii ki, bütün bunlar uğurda əsas amillərdəndir.

- Yaxın gələcəkdə bu diqqətin qarşılığı olaraq əsas komandada parlayan yerli futbolçularımızı görə bilərikmi?

- Bəli. İnşallah, yetirmələrimizin əsas komandada parlayacağına inam var. Bu gün milli komandalara da daha çox futbolçu "Sabah”dan qoşulur. Qısa müddətdə "Sabah"ın əsas futbolçusuna çevrilən, milli komandamıza dəvət alan Yusif İmanov akdemiyanın yetirməsidir. İnanır ki, belə nümunələr qarşıdakı illər daha da çox olacaq.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA