Ölkə kubokunun son qalibi “Qəbələ”ni tək legionerlər yox, yerli futbolçular da tərk etməkdədir.
Mövsüm başa çatandan sonra Səlahət Ağayev, Məqsəd İsayev və Rövlan Muradov Premyer Liqanın digər iştirakçıları ilə müqavilə bağladı.
Xüsusən Rövlanla bağlı yaranmış vəziyyət şübhə doğurmaya bilməzdi. 25 yaşlı vingerin karyerasını ölkə xaricində davam etdirəcəyi deyilsə də, o, “Sumqayıt”ı seçdi.
Muradov yeni klubu ilə müqavilə bağlayandan sonra saytımıza verdiyi müsahibədə həm bu, həm də digər məqamlara aydınlıq gətirib.
- Əcnəbi klublarla danışıq apardığını bilirdik. Avropaya yollanacağını düşündüyümüz anda “Sumqayıt”la anlaşdın. Nə baş verdi?
- Bəli, agentim ölkə xaricində 3-4 klubla danışıq aparırdı. Və danışıqlar zamanı şərtlər və öhdəliklərlə bağlı məni məlumatlandırırdı. Bu ay ərzində həmin klubların rəsmiləri ilə bir neçə dəfə danışığımız oldu. Açığı, maliyyə şərtləri ürəkaçan idi. Lakin məni ehtiyat qüvvə gözündə görürdülər. Bu isə heç cür mənə sərf etmirdi. Bu dəqiqə mənə oynamaq lazımdır, oturmaq yox.
- Bəs, niyə məhz “Sumqayıt”?
- Sırf dediyim səbəbə görə. Oynamaq istəyirdim və mənə baş məşqçinin güvəni lazım idi. Özümə qarşı həmin inamı Samir Abasovda hiss etdim. Deyib, Rövlan mütləq komandamızda olmalıdır. Gizlətmirəm, Azərbaycanda bəzi klublarda daha üstün maliyyə şərti ilə təkliflər almışdım. İnanın, “Sumqayıt”la müqavilə bağlayan gün agentim zəng etdi ki, Macarıstandan ciddi təklif var. Düşündüm və dedim, yox, “Sumqayıt”la razılığa gəlmişəm.
- Düz 10 il – 2013-cü ildən 2023-ə qədər “Qəbələ”də oldun. Razılaşarsan ki, 25 yaşlı futbolçu üçün az müddət deyil. Maraqlıdır, ayrılanda hansı hisləri keçirdin?
- Komanda yoldaşlarım, məşqçilər heyəti, klubda çalışanlarla vidalaşarkən çox kövrəlmişdim. Bunu heç kimə bildirməsəm də, yanımda olan atam gördü. Kubokun final günündə bilirdim ki, bu, “Qəbələ”də sonuncu oyunumdur. Ona görə də həmin matç mənim üçün ikiqat təsirli idi. Əlbəttə, 10 il olduğun, yaşadığın, futbolçu kimi yetişdiyin və böyüdüyün yerdən ayrılmaq asan deyil. Təbii ki, ayrılmaq çox təsirli oldu. Futboldur, bəzən nəyəsə məcbur olursan.
- Sanki “Qəbələ”ni tərk etməyində maliyyə rol oynamayıb. Danışığından başqa səbəb hiss olunur.
- Az öncə dediyim kimi, pulu düşünən olsaydım, bu dəqiqə Azərbaycanda yox, Avropa klubunda idim. Ən pis halda “Sumqayıt”dan daha yaxşı maaş təklif edən ölkəmizin digər klubunda. Əsas məqsədim ölkə xaricində legioner həyatı yaşamaq idi. İllərdir bunun arzusundayam. Ona görə də agentimə dedim ki, mənə xaricdə klub axtarsın. Ancaq bir şərtlə ki, mütəmadi oynamalıyam. Ehtiyatda oturub 1 ildən sonra qayıdacamsa, Avropaya getməyin nə mənası var? Ona görə getmədim.
- Avropa arzusu baş tutmayandan sonra “Qəbələ”yə qayıda bilərdin axı...
- “Qəbələ”də daim ehtiyatda qalmaq məni yorurdu. Psixoloji cəhətdən daim gərginlik içində olurdum və bu, istər-istəməz oyunuma da təsir edirdi. Təsəvvür edin, hər oyundan əvvəl ehtiyatda qalacağını bilirsən. Belə olduğu halda potensialımı da tam aça bilmirdim. “Qəbələ”də pikim bu idi, onu aşa bilmirdim. Mövsüm başa çatandan sonra karyeramda yeni səhifə açmaq qərarına gəldim. Mütəmadi oynaya biləcəyim komandada yer almaq istəyirdim. Avropanı düşündüm, orada da istədiyim kimi olmayınca, “Sumqayıt”la anlaşdım. Bir söz də deyim.
- Buyur...
- Bəlkə də çoxları pulu düşünərək “Qəbələ”ni tərk etdiyimi fikirləşə bilər. Amma inanın, qətiyyən belə deyil. “Qəbələ”nin son dəfə təklif etdiyi məbləğlə “Sumqayıt”da alacağım məvacib aşağı-yuxarı eynidir. Yəni, puldan söhbət gedə bilməz.
HƏBİB / SPORTİNFO.AZ

