“Neftçi”də məşhurluq qazandı, “Sportinfo”dan xahiş etdi ki... MÜSAHİB

21 İyun 2023 22:20 Müsahibə 1 280
“Neftçi”də məşhurluq qazandı, “Sportinfo”dan xahiş etdi ki... MÜSAHİB

Ölkəmizə gəlib-getmiş və hələ də adı dillərdə gəzən legionerlərdən biri Georgi Adamiyadır.

Azərbaycan karyerasına “Neftçi”də başlayan, “ağ-qaralar”la çempion olub, “Birlik kuboku”nu qazanan gürcüstanlı forvard sonradan “Bakı”, “Qarabağ” və “İnter” kimi komandaların şərəfini qorumaqla yadda qalmışdı.

Vaxtsız zədə imkan versəydi, daha çox oynayar, indikindən də çox sevilərdi. Lakin “İnter”də aldığı zədə həm Azərbaycan karyerasını sonlandırdı, həm də futbolçu həyatını erkən başa vurmasını şərtləndirdi.

Adamiya ilə yarım saatlıq söhbətdə bu gündən dünənə səyahət etməklə tarixi vərəqlədik ki, ortaya maraqlı faktlar çıxdı.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/173585.html)

- Niyə həmin hadisənin təfərrüatı haqda heç kim danışmaq istəmir?

- İndi o haqda danışmaqla nə olacaq? Nə dəyişəcək axı?

- Heç nə dəyişməyəcək. Sadəcə, tarixdir, insanlar gec də olsa, bilmək istəyir.

- Başa düşürəm. Amma bunu müsahibə vasitəsilə demək istəmirəm. Nə vaxtsa üzbəüz otursaq, danışa bilərəm. Bu şəkildə açıqlanmasının tərəfdarı deyiləm.

- Vəziyyətin bu cür alınmasında siz futbolçuların günahı yox idi? Tək səbəbkar Gede idi? Heç nədən 10-a yaxın futbolçunu komandadan niyə uzaqlaşdırdı?

- Mən 4 il idi komandadaydım. Məndən əvvəl oynayanlar da var idi. Hansı ki, komandanın yükü həmin futbolçuların çiyinlərində idi. Nə oldu, bu qədər futbolçu günahkar oldu? Biz futbolçu idik, işimiz meydanda can qoymaq, komandaya fayda vermək idi. Və üzərimizə düşən işi yerinə yetirirdik. Nələr yaşandı, niyə yaşandı, kimlərə görə yaşandı – bunlar bizə aid məsələlər deyil. Kimə aid idisə, onlar düşünsün.

- “Qarabağ”dakı işləriniz yaxşı gedirdi. Tanınırdız, sevilirdiz, avrokuboklarda oynayırdız, bombardir də olduz. Bəs, ordan niyə getdiz?

- “Qarabağ”la müqaviləmin müddəti başa çatdı, yeni sözləşmə ilə bağlı danışdıq, ancaq ortaq məxrəcə gələ bilmədik. Nəticədə “İnter”ə “hə” dedim. Başqa heç bir problem olmadı.

- Problem maliyyə məsələsindəydi, hə?

- Bəli-bəli.

- Nəticədə “İnter” karyeran uğurlu alınmadı. Gözlənilməz zədə ilə üzləşdiz və 2013-cü ildə 9 illik Azərbaycan karyeranız yekunlaşdı.

- Əslində, yaxşı başlamışdım. Avrokubokalarda 4 oyuna çıxdım, hətta qol da vurdum. Çempionatda da 4 matçda 1 dəfə fərqlənməyi bacardım. Lakin gözlənilmədən aldığım zədə, sonradan əməliyyat olunmağım məni geri saldı. İli boşa verdim, axırda başa düşdüm ki, komandaya fayda verə bilmirəm.

- Yadımdadır, həmin vaxt hətta karyeranızı başa vurmağı düşünürdüz.

- Elədir. Bu barədə çox düşünürdüm. Gürcüstana qayıdandan sonra özümü sınamaq qərarına gəldim. Gördüm ki, mən istəyən deyil. Və beləcə, 34 yaşımda karyeramı yekunlaşdırdım. Halbuki, zədə imkan versəydi, daha çox oynaya bilərdim. Psixoloji baxımdan çox əziyyət çəkirdim.

- Sizin sevimli ağ-qara komandanızın durumundan xəbərdarsız yəqin.

- Mənim sevimli komandam mövsümü üçüncü pillədə başa vurdu, kubokun finalında uduzdu.

- Bunu biləndə hansı hisləri keçirdiz? İçinizdən hansı sözlər keçdi?

- Heç nə keçmədi. Bu, futboldur, hər şey mümkündür. Bəzən ən böyük klublar belə, uğursuzluğa düçar olur, kritik anlar yaşayır. Əsas olan vəziyyətdən çıxmaqdır. “Qarabağ” son 10 ildə bütün rəqiblərindən bir baş üstündür. Bunu qəbul etməliyik.

- Bu yaxınlarda sosial şəbəkə hesabınızda “Neftçi”dəki ötən günlərlə bağlı video paylaşmışdız. Məqsəd komandanın uğursuz günlərinə işarə vurmaq deyildi?

- Xeyr-xeyr, qətiyyən! Ürəyimdən gələn şey idi və “Neftçi”dəki xoş günlərimi izləyicilərimlə bölüşmək istəmişdim. Hansısa səhufə paylaşmışdı onu, mən də ordan götürüb paylaşdım. Heç kimə və heç nəyə işarə vurmaq niyyətim yox idi. Sizdən də xahiş edirəm, həmin paylaşımda təxribatçı məna axtarmayın. Bəlkə azarkeşlər də yamlış anlayıb bunu. Ümid edirəm ki, dediklərimdən sonra niyyətim tam anlaşılacaq.

- Əvvəlki illərlə müqayisədə Azərbaycanda gürcü futbolçuların sayı azalıb. Bu, nə ilə bağlıdır? Pul azalıb deyə gəlmək istəmirlər, yoxsa gürcü futbolçuların səviyyəsi əvvəlki kimi deyil?

- Hərənin öz fikri var. Mənə görə səbəb başqadır. 15-20 il əvvəl Azərbaycan klubları yaxın olduğuna görə Gürcüstan bazarına üz tuturdu. İndi əlaqələr və imkanlar genişlənib deyə, daha çox Avropa, Afrika, Cənubi Amerika bazarına müraciət edirlər.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA