Minifutbol üzrə Azərbaycan çempionatı başa çatdı.
Final görüşündə "Zirə"ni məğlub edən (2:1) "Birbaşa" çempionluq adına yiyələndi.
AFFA-nın baş katibi Sərxan Hacıyev minifutbol camiəsini yaxından maraqlandıran suallarla bağlı Sportinfo.az-a müsahibə verib.
- İlk öncə final matçı ilə bağlı nələr deyə bilərsiniz?
- Maraqlı final oyunu izlədik. Gərgin və ajotajla yadda qalan oyun oldu, sonda "Birbaşa" komandası qalib gəldi. Amma hər iki tərəfi də finala kimi gəldikləri üçün təbrik edirəm. Bundan sonra ölkəmizi Avropada təmsil edəcək klublarımıza uğurlar arzu edirəm.
- Nəticəni ədalətli hesab edirsiniz?
- Oyun çox gərgin keçdi. Düşünürəm ki, sonda daha çox layiq olan tərəf qalib oldu.
- Millimizin Avropa çempionluğundan sonra minifutbola ölkəmizdə maraq çoxalıb. İlk dəfə keçirilən ölkə çempionatını ümumilikdə necə qiymətləndirirsiz?
- Ümumi olaraq maraqlı çempionat oldu. Görüşlər televiziyadan canlı yayımlandı. Bu, bütünlükdə idmanın inkişafı deməkdir. Ona görə də yüksək qiymətləndirirəm. Tək final oyunu yox, bütünlükdə çempionat yüksək səviyyədə keçirildi. Bu münasibətlə Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyini və əməkdaşlarını təbrik edirəm.
- AMF-nin fəxri prezidenti Orxan Məmmədov da orada idi. Bu idman növünün daha da inkişaf etməsi üçün aranızda hər hansısa müzakirə aparıldımı?
- Bu gün üçün federasiyalar arasında hər hansısa söhbət olmadı. Lakin gələcəkdə hər hansısa fikir mübadiləsi olsa, biz buna açığıq.
XANOĞLAN İMANOV

