“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Sportinfo.az-a müsahibə verib.
47 yaşlı mütəxəssis təyinatından, komandanın gələcək planlarından, Tərlan Əhmədovla münasibətindən danışıb, son günlər ortaya çıxan sualları cavablandırıb.
- Təyinat sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Nə gizlədim, gözləmirdim. Hər şey bir anın içində baş verdi. Çempionat başa çatandan sonra “Səbail”in gələcək planları haqda düşünürdük. Həmin an “Kəpəz” rəhbərliyindən zəng gəldi, görüş təklif olundu. Oturub danışdıq, planlar maraqlı gəldi deyə dəyərləndirdim. İnşallah, Gəncə futbolu üçün xeyirli olar.
- İlk dəfə Premyer Liqa komandasında baş məşqçi kimi çalışacaqsız. Risk etmək istədiz, yoxsa ələ düşən şansdan istifadə etmək?
- Düzü, ilk olaraq şans kimi dəyərləndirdim. Digər tərəfdən, çətinlikləri bilə-bilə risk etməkdən çəkinmədim. Xaraktercə elə insanam ki, addım atanda qorxmuram. Risk etməyi sevirəm. Mənim üçün ələ düşən şans riskdən üstündür. Ona görə də istifadə etməyə çalışdım.
- Məşqçilik təcrübəniz zəngin olsa da, elitada ilk dəfə baş məşqçi kimi çalışacaqsız. Nəyə ehtiyac duyursuz?
- Premyer Liqada baş məşqçi kimi işləməsəm də, köməkçi vəzifəsində çalışdığım dönəmdə ab-havanı hiss etmişəm. Bəlkə də daha öncə başlaya bilərdim. Fikrimcə, elitada baş məşqçi işləmək üçün gecikmişəm. Gec də olsa bu şans əlimə düşübsə, bilik və təcrübəmdən maksimum yararlanmağa çalışacam. Bu gün soyuqqanlı olmağa və təcrübəmi bir az da artırmağa ehtiyac duyduğumu düşünürəm.
- Köməkçiləriniz Etibar İbrahimov, Xaliq Mərdanov, Vasif Vəliyev və Tariyel Hüseynov olacaq, eləmi?
- Adlarını çəkdiklərinizin üçü məşqçilər korpusunda yer alacaq. Yalnız Vasif Vəliyevin məsələsi açıq qalıb ki, bu məsələyə də yaxın günlərdən aydınlıq gələcək.
- Şahin Diniyev saytımıza açıqlamasında ondan halallıq alıb getdiyinizi bildirmişdi. Maraqlıdır, Tərlan Əhmədovdan da halallıq almısız?
- Xeyr, danışmamışıq.
- Niyə?
- Buna lüzum görmədim. Niyəsini deyim. Mən komandaya mövsümün ortasında, yəni, Tərlan Əhmədovun yığdığı komandaya baş məşqçi gəlsəydim və yarımçıq qalan işi davam etdirməli olsaydım, siz dediyiniz kimi, halallıq alardım. Ancaq indiki vəziyyət fərqlidir. Tərlan müəllimin müqaviləsinin müddəti başa çatdı və yeni baş məşqçi mən təyin olundum. Yəni, mən olmasaydım da, kimsə gələcəkdi. Sabah mənim də “Kəpəz”lə müqaviləmin müddəti başa çatsa və yeni anlaşma imzalanmasa, yerimə kimsə gələcək. Mən həmin adamdan halallıq zəngi gözləməyəcəm.
- Mövsümün ortasında gəlsəydiz, Tərlan Əhmədova zəng vurardız?
- Əlbəttə. Bunu özümə mənəvi borc bilərdim. Tərlan müəllimin “Kəpəz”dəki əziyyətini heç kim dana bilməz. Çalışdığı müddətdə burada əziyyəti çox olub və həqiqətən də işlədiyi müddətdə oynatdığı futbolla rəğbət qazanmışdı.
- Rəhbərlik qarşınıza hansı hədəfi qoyub? Elitada qalmaq?
- Xeyr, məqsəd təkcə elitada qalmaq deyil. Hər nə qədər çətin görünsə də, hədəf mümkün qədər yuxarı pillələrdən birində qərarlaşmaqdır. Və təbii ki, perspektivli yerli gənclərə şans vermək, onları Azərbaycan futboluna qazandırmaq. Vaxt keçdikcə kimlərin bizə yararlı olacağını biləcəyik.
- Yay toplanışı ilə bağlı plan tərtib etmisiz?
- Planımız hazırlıq prosesinə avrokubok iştirakçılarından savayı, yerdə qalan digər 6 komanda ilə müqayisədə daha tez başlamaqdır. Bildiyiniz kimi, “Kəpəz” yenidən yığılır, futbolçuların əksəriyyəti komandanı tərk edib. İndiki vəziyyətdə birlikdə daha çox vaxt keçirməliyik. İyunun 25-də Gəncədə bir araya gəlməyi planlaşdırırıq. İlkin mərhələdə əsasən yerli futbolçularla hazırlaşacağıq. Hazırlığın ikinci mərhələsində heyəti komplektləşdirib, üçüncü mərhələni yoldaşlıq oyunları ilə başa vuracağıq.
- Sonuncu mərhələni ölkə xaricində keçirəcəksiz?
- Bəli, planda yoldaşlıq oyunlarını xarici komandalara qarşı keçirmək var. Lakin bunun nə dərəcədə mümkün olacağını indidən dəqiq söyləmək çətindir. Hər şey sponsor və büdcə təsdiqlənməsindən asılıdır.
HƏBİB

