“Sumqayıt”da yaxşı nəsil yetişir: "Yaxın 3-4 ildə…"

13 İyun 2023 20:40 Müsahibə 1 378
“Sumqayıt”da yaxşı nəsil yetişir: "Yaxın 3-4 ildə…"

Premyer Liqa təmsilçiləri arasında akademiyası ilə müsbət mənada seçilən klublardan biri də "Sumqayıt"dır.

Komanda rəhbərliyi son 2-3 ildə gələcək nəsilə xüsusi diqqət göstərməyə başlayıb.

Akademiyanın məşqçilərindən olan Vüsal Əsədovla söhbətimiz də bu istiqamətdə oldu.

- Vüsal, uşaq futbolunda neçə ildi çalışırsan?

- 9 ildi məşqçi kimi fəaliyyət göstərirəm. Bunun son 4 ili "Sumqayıt" Futbol Akademiyası ilə bağlıdır.

- Hansı yaş qrupları sənə həvalə olunub?

- İlk başdan U-10 komandasında çalışırdım. Ardınca U-15, U-16 komandalarında köməkçi məşqçi oldum. Bu ilin qışından isə U-16-da baş məşqçiyəm.

- 9 ildi bu işin içindəsən. Bu illər ərzində Sumqayıtlı uşaqların inkişafı hansı xətt üzrə gedir? İrəli ümid var, yerində sayırıq, yoxsa geri gedirik?

- Son 3-4 ildə inkişaf olduğunu açıq deyə bilərəm. Amma düşünürəm ki, bu, son deyil. İnkişaf prosesi daha da sürətlənəcək.

- Son 3-4 ildə inkişafa səbəb olan nələr dəyişib?

- Mən "Sumqayıt"dan danışa bilərəm. 3-4 ildi hər komandaya ikinci məşqçi təyin olunub. 5-6-7 yaş uşaqlar üçün təməl qrupu yaradılıb. Və ən önəmlisi akademiyanın öz fəlsəfəsi var. Bütün qruplar eyni fəlsəfə üzərindən çalışır. Hər həftə dəyərləndirmə aparılır. İldə iki dəfə komandalar üzrə qiymətləndirmə aparılır.

- Yəqin ki, nəticələrə xüsusi diqqət göstərilir...

- Xeyir, xeyir. Bizdə ən vacib məsələ odur ki, məşqçilərdən nəticə tələb olunmur. Əsas məqsəd hamının şans qazanması və düzgün oynamasıdı. Belədə həm futbolçu inkişaf edir, həm də nəticələr olacaq, inşallah.

- Sumqayıt hər zaman istedadlar şəhəri hesab olunub. Amma son illər həmin istedadları görmürük. Yetişmir, yoxsa ümumiyyətlə əvvəlki illərdə olan istedadlı uşaqlar yoxdur?

- Düzdü, şəhər hər zaman futbol şəhəri olub. Məncə, istedadlar yenə var. Sadəcə uşaq futbol məşqçiləri az idi. İndi isə yetəri qədər məşqçimiz var. Uşaq futbol məşqləri keçən məşqçilər yetəri qədərdi. İnanın ki, yaxın 3-4 ildə əsas komandaya yaxşı uşaqlar mütləq yükəsələcək. Hazırda da aşağı yaş milli komandalar ən çox uşağı "Sumqayıt" verir.

- Uşaq futbolunun problemlərindən danışanda məşqçilərin maaşının azlığı da çox qabardılır. Bu baxımdan "Sumqayıt"da durum necədir?

- Düşünürəm ki, ölkə üzrə götürsək bizdə normal əməkhaqqı verilir. Hər il rəhbərlik tərəfin də artım olur.

- Məqsədin uşaq futbolunda davam etməkdir, yoxsa gələcəkdə böyük komandallarda çalışmaq istərdin?

- Açığı, əsas komandada işləmək arzusundayam.

- Uşaqlarla işləmək çətindir, yoxsa məşqçiliyə başlayanda hədəfin bu olub?

- Xeyr, çətinliyə görə deyil. Hər birinin çətin tərəfləri çoxdur. Sadəcə, məqsədim əsas komandalarda işləmək olub. Buna nail olmaq üçün böyük əziyyətlərdən keçməli olduğumu da bilirəm. İnşallah, qismət olar.

Xanoğlan İmanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA