Adı “Neftçi” ilə yanaşı çəkilən baş məşqçi söylədi ki…

7 İyun 2023 20:40 Müsahibə 2 616
Adı “Neftçi” ilə yanaşı çəkilən baş məşqçi söylədi ki…

“Qəbələ" həlledici oyunda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi oldu.

Bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-ın suallarını cavablandırıb.

- Baş məşqçi kimi ilk titula sahib olduz. Təəssüratlarınız necədir?

- Sevindirici haldır. Öz adım üçün yox, daha çox futbolçularıma görə sevinirəm. Mövsümboyu iddialarından əl çəkmədilər, sona qədər döyüşdülər, mübarizə apardılar. Finala yüksələndə belə, inamım var idi ki, sona qədər vuruşub istəyə çatacaqlar. Fürsətdən istifadə edib bu işdə əməyi keçən və bizə dəstək olan hər kəsi təbrik edirəm.

- “Neftçi” demək olar bütün komponentlərdə “Qəbələ”dən üstündür. Belədə, rəqibi nəyin sayəsində udmağı bacardız?

- Fikrimcə, komandadakı birlik hesabına. Kollektivdə ab-hava yüksəkdir, mehribanlıq var. Və bunu mövsüm ərzində bir neçə dəfə sübut etməyi bacardılar.

- Rəhbərlik oyundan əvvəl komanda üzvləri ilə görüşüb, motivasiya vermişdi? Mükafatı nəzərdə tuturam.

- Rəhbərlik hər zaman bizimlədir və onların dəstəyini hiss edirik. Əminəm ki, futbolçuları məmnun etmək üçün əllərindən gələnin ən yaxşısını edəcəklər.

- Futbolçu kimi “Neftçi”də çempion olmuşduz. Bu gün məşqçi kimi “Neftçi”ni üstələdiz. Necə hisdir?

- Bu oyuna o hislə yanaşmamışdım. Mənim üçün vacib olan “Qəbələ”nin uğur qazanmasıydı. Şükürlər olsun ki, istədiyimiz qələbəni azarkeşlərimizə bəxş edə bildik.

- Bu futbolçular bir aydan sonra sizə lazım olacaq. Avropa Konfrans Liqasında eyni heyəti görə biləcəyik?

- Bu heyəti qorumalıyıq. Həqiqətən idmançı xarakterinə və iradəsinə sahib futbolçularımız var. Kiminsə komandadan ayrılması qaçılmazdır. Bu gün ən vacibi güclənməkdir. Yeni futbolçulara ehtiyacımız var.

- Getmək həvəsində olanlar istəyini sizə bildirib? Yaxud, həmin futbolçuların kimliyindən xəbərdarsız?

- Demək olar bütün futbolçuların klubla müqavilə müddəti başa çatır. Qarşıdakı günlərdə bu mövzu ilə bağlı məsələ qaldıracağıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"