Kapitan söz verməkdə çətinlik çəkdi: “1 saatdan sonra nə olacağını bilmirəm”

4 İyun 16:30 Müsahibə 998
Kapitan söz verməkdə çətinlik çəkdi: “1 saatdan sonra nə olacağını bilmirəm”

Başa çatan Premyer Liqa mövsümünün ən yaşlı futbolçusu Kamal Bayramov Sportinfo.az-a müsahibə verib

1985-ci il təvəllüdlü qapıçı “Turan Tovuz”un və özünün dünəni, eləcə də gələcəyi ilə bağlı sualları cavablandırıb.

- Ötən mövsümü özün üçün necə dəyərləndirirsən?

- Fikrimcə, normal il oldu. Yeni komandada, yeni atmosferdə sağlam kollektivlə işlədik. Belə bir komandanın üzvü olmaq mənim üçün xoş idi. Oynadım-oynamadım, fərq etmir. Bacardığım qədər komandaya kömək etməyə çalışdım. İnşallah ki, hansısa mənada “Turan Tovuz”a fayda verə bildim.

- Növbəti mövsümdə də qərb təmsilçisinin sıralarında olacaqsan. Bu qərarı verməyində səbəb təcrübəni meydanda bölüşməkdir, yoxsa ağsaqqal futbolçu kimi paltardəyişmə otağında ab-havanı müəyyənləşdirmək?

- Bu dəqiqə fiziki və psixoloji cəhətdən özümü son dərəcə hazır hesab edirəm. Çalışacam ki, təcrübəli qapıçı kimi meydanda komandama kömək edim. Oynamayacağım təqdirdə belə, meydandan kənarda da futbolçu yoldaşlarıma dəstək verəcəm. Məqsədim mənə güvənən məşqçilər heyətinin ümidini hərtərəfli doğrultmaqdır.

- Karyeranı davam etdirmək qərarının kökündə çempionatın ən yaşlı futbolçusu statusunu başqasına verməmək motivasiyası dayanır?

- Mənim üçün “Turan Tovuz”dakı hər gün motivasiyadır. Çünki günbəgün özümü çox yaxşı hiss edirəm. Nə gizlədim, burada düşdüyüm mühitin və məşqçilərin də də rolu var. Onlar mənə yaşa baxmamağı, davam etməyi tövsiyə edir. Karyeramı davam etdirmək istəyimin başlıca səbəbi özümü yaxşı hiss etməyim və gücümə olan inamdır. Özümdə güc hiss edirəmsə, niyə dayanım?

- “Turan Tovuz”a qayıtmaqla sanki yenidən doğuldun, özünəinamın artdı. Sirr deyilsə, bunun kökündə nə dayanır?

- Burada başlıca rolu məşqçilər heyəti və klub rəhbərliyi oynayır. Futbolçu özünü hazır saya bilər. Lakin ona inam və dəstək yoxdursa, özünü göstərə bilməyəcək. Şükürlər olsun, “Turan Tovuz”a gəldiyim gündən baş məşqçidən və köməkçilərdən dəstək, klubda çalışanlardan hörmət gördüm. Açıq danışsaq, 37-38 yaşlı futbolçulara az şans verilir. Ancaq mən özümə qarşı xüsusi diqqət gördüm. Fürsətdən istifadə edib qapıçılarla çalışan məşqçimiz Kamil Qafarova təşəkkür etmək istəyirəm. Mövsümboyu öz təcrübəsini və savadını bizimlə bölüşdü, hər gələn gün mənə motivasiya verdi. Baş məşqçimiz Ayxan Abbasov, köməkçiləri Elnur Çodarovla Xəyal Qarayevin də verdiyi dəstək sayəsində futbolçu karyeramı davam etdirirəm.

- Ayxan Abbasov demişkən, bölgədə baş məşqçi kimi işləmək heç də asan deyil. Səncə, Abbasov nəyin sayəsində bu cür sevildi, adından söz etdirməyi bacardı?

- Ayxan müəllimlə daha öncə “Zirə”də birlikdə çalışmışdıq. Abbasovun futbol savadı hər kəsə bəllidir. Lakin onun ən böyük üstünlüyü psixologiyanı bilməsidir. 20-25 futbolçu ilə işləmək, klubda hər kəslə dil tapmaq və hər kəs tərəfindən sevilmək, düşdüyü ən çətin vəziyyətdən üzüağ çıxmaq hər adamın işi deyil. Bu günə qədər hansısa futbolçunun Ayxan Abbasov barədə mənfi fikirdə olduğuna inanmıram. İstər komandaya dəvət etdiyi, istərsə də komandadan göndərdiyi futbolçular bu insan barədə yalnız xoş fikirlər səsləndirir. “Turan Tovuz”un başa çatan mövsümü 6-cı pillədə bitirməsi, ölkə kubokunun finalına yaxınlaşmasının başlıca səbəbkarı Ayxan Abbasovdur.

- Mövsümün gedişində tovuzlu azarkeşlərin Ayxan Abbasovu iki dəfə istefaya səslədiyini xatırlayıram. Tovuzlu, Tovuz camiəsini yaxından tanıyan biri kimi, səncə, həmin şəxslər kim idi? Bu cür davranmalarının kökündə kim, yaxud nə dayanırdı?

- Azarkeşlər hər zaman ən yaxşısını istəyir. Bəzən komandanın Premyer Liqada ilk ilinin olduğunu, komandanın çempionata hansı çətinliklər altında hazırlaşdığını göz önünə almayaraq ən yaxşısını tələb edirlər. Bu, köklü komandalar üçün normal haldır. Həmin hadisələrə gəlincə, “istefa” qışqıranların “Turan Tovuz”un əsl azarkeşləri olduğunu düşünmürəm. Onlar bir qrup şəxslər idi. Fikrimcə, kimlərinsə qurulmuş planını yerinə yetirməyə çalışırdılar. O şəxslərə cavabımızı meydanda göstərdiyimiz oyunla və qazandığımız nəticələrlə verdik.

- “Turan Tovuz” Premyer Liqada müəyyən təcrübə topladı, artıq yeni sponsora qovuşmusuz, qısası, çətinliklərin bir qismi aradan qalxdı. Növbəti mövsümdə komandanız avrokuboklar uğrunda mübarizə apara biləcək?

- Bu barədə nəsə demək çətindir. Birinci ildən ikinci ilə keçid edəcəyik və bu, heç də asan proses deyil. Bilirəm ki, azarkeşlər bizdən daha artığını gözləyir, daha yaxşısına ümid edir. Biz də ötən il olduğu kimi, növbəti çempionatda da ən yaxşısını etmək üçün canımızı meydanda qoyacağıq. Xeyirlisi Allahdan olsun. Biz əlimizdən gələni edəcəyik, necə olacağını mövsümün yekunu göstərəcək. Hazırda sizinlə danışıram, 1 saatdan sonra nə olacağını bilmirəm. Ona görə də hadisələri qabaqlamaq istəmirəm. Səbrli olub, gözləyək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu