"Bu belə, məni saxlaya bilməz" - "Neftçi" haqda dedi ki…

28 May 2023 14:50 Müsahibə 1 092
"Bu belə, məni saxlaya bilməz" - "Neftçi" haqda dedi ki…

"Qəbələ" Azərbaycan Premyer Liqasının sonuncu turunda "Kəpəz"lə doğma meydanda bərabərə qaldı - 1:1.

Amma qələbəyə bərabərə heç-heçə bölgə klubunun 4-cü pilləni tutaraq Konfrans Liqasına vəsiqə qazanmasını təmin etmiş oldu.

Matçdan sonra "qırmızı-qaralar"ın Şimali Makedoniyadan olan legioneri İsnik Alimi qazanılan uğur və digər mövzular barədə Sportinfo.az-a müsahibə verib.

- İlk öncə Konfrans Liqasına vəsiqə qazanmağınız münasibəti ilə sizi təbrik edirəm.

- İkinci ildir ki, Konfrans Liqasına yollanırıq. Hamımız üçün çətin idi. Uzun il oldu. Təbrik üçün çox sağ olun.

- Oyun barədə nələr deyə bilərsən?

- Oyuna gəldikdə, önəmli deyil, biz udacağıq, ya heç-heçə olacaq, əsas olan Konfrans Liqasına yollanmaq idi.

- Oyunun sonuna yaxın "Kəpəz" hesabı bərabərləşdirdi. Buraxılacaq daha bir qol Konfrans Liqasına vəsiqəni təmin etməyə imkan verməyəcəkdi. Həmin anda meydanda narahatlıq keçirdinizmi?

- Əlbəttə ki, bu, qorxu yaratdı. Hesabda öndə olarkən Avropaya daha yaxın idik. Həmin anda rəqib hesabı bərabərləşdirdi. Bu, stress, təzyiq və qorxu yaradırdı. Necə oynadığımız önəmli deyil. Əsas odur ki, ardıcıl ikinci il Konfrans Liqasına vəsiqə qazandıq.

- Konfrans Liqasına vəsiqə qazanmağınız bir neçə gün sonra baş tutacaq Azərbaycan Kubokunun finalında sizə nə kimi təsir edə bilər?

- Konfrans Liqasına vəsiqəni təmin etməyimiz kubokun finalında bizə yaxşı təsir edəcək. Çünki, biz artıq avrokubokları fikirləşməyəcəyik. Əgər bu fikirlə oyuna çıxsaydıq, bizdə təzyiq və stress yarada bilərdi. Final bizim üçün pozitiv olacaq.

- Final matçları adətən neytral meydanda keçirilir. Amma bu dəfə "Neftçi"nin stadionunda olacaq. Bu, sizdə qorxu yaratmır?

- Yoxxx( gülür). Bu, bizi qorxutmur. Çünki, kubokun finalına çıxmaq üçün ilboyu mübarizə aparmışıq. Əsas məsələ odur ki, stadionda azarkeş çox olsun. Belə olduğu halda şanslar 50/50-dir.

- 120 faiz finala kökləndiyini dedin. O zaman azarkeşlərə qələbə sözü verə bilərsənmi?

- Həmin matçda əlimdən gələnin maksimumunu edəcəyəm. Zədə belə, məni saxlaya bilməz.

- Amma qələbə sözü vermədin...

- Söz verə bilərəm. Amma çox şey baş verə bilər. Özümdən asılı olanlarla bağlı söz verirəm ki, əlimdən gələni edəcəyəm. Hətta zədəli olsam belə matça davam edəcəyəm.

- Kubokun finalı "Qəbələ"dəki gələcəyinə təsir edə bilər?

- Qalıb-qalmayacağımı bilmirəm. Kubokun nəticəsi fikirlərimə təsir etməyəcək. Kubokda "Qarabağ"ı mübarizədən kənarlaşdırandan sonra iddiamız artıb. Sona kimi getmək istəyirik. Şans əlimizdədir.

- Kubokun finalında böyük dəstəyə ehtiyacınız var. Son olaraq azarkeşlərinizə nə demək istəyirsən?

- Bütün azarkeşlərə səslənirəm, bu vacib oyuna gəlsinlər. Biz də yaxşı oynamağa çalışacağıq. İstərdim ki, stadionun 50 faizi "Qəbələ", 50 faizi "Neftçi" azarkeşləri ilə dolu olsun.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”