
“Şamaxı” bu gün mövsümün həlledici görüşünə çıxacaq.
“Səbail”in qonağı olan “Şirlər” Premyer Liqada qalmaq istəyirsə mütləq qələbə qazanmalıdır.
Bölgə klubunun İdarə Heyətinin sədri Elçin Usub vacib qarşılaşmadan əvvəl Sportinfo.az-a müsahibə verib.
- Mövsümün son oyununda "Səbail"lə çox ağır qarşılaşma sizi gözləyir. Matçla bağlı nə deyə bilərsiniz?
- Sualdan da bilinir ki, həqiqətən ağır oyun olacaq. Artıq söz demək vaxtı deyil. Nə desək də kömək etməyəcək. Çıxıb oynamaq lazımdır. İnşallah, ən yaxşı performasımızı göstərib, lazım olan 3 xalı təmin edəcəyik.
- Hətta görüşü mövsümün oyunu adlandıranlar var. Belə məsul matç öncəsi düşərgədə atmosfer necədir?
- Bütün məşqçilər, futbolçular oyunun vacibliyin bilir. Bu matç bir illik əziyyətimizin pik nöqtəsidir. İnanıram ki, lazım olan performansı göstərib, üzümüzü ağ edəcəklər.
- Belə oyunlarda adətən oyunçulara yaxşı mükafat vədi verilir. Sabah sizdə necə olacaq?
- Bu, bizim daxili məsələdir. İcazə verin, bu haqda açıqlama verməyim.
- Futbolda qələbə olduğu kimi, məğlubiyyət də var. İkinciyə hazırsınızmı?
- Komandanı bilmirəm, amma rəhbərlik hazırdı (gülür).
- O halda "Şamaxı"nın taleyi necə olacaq?
- Yola davam edəcəyik.
XANOĞLAN İMANOV