Qurban Qurbanov neçə transfer istəyib? - “Qarabağ”ın direktoru düzünü dedi

26 May 2023 22:20 Müsahibə 5 528
Qurban Qurbanov neçə transfer istəyib? - “Qarabağ”ın direktoru düzünü dedi

"Qarabağ"ın direktoru Əmrah Çelikəl klubun yeni planları və yay transfer bazarlığı haqda sualları cavablandırıb:

- Çox sevindirici haldır ki, vaxtından əvvəl çempion olduq. Bu, çox gözəldir. Həmişə öz aramızda danışırıq. Bu sevincin məsuliyyəti çox böyükdür. Çünki, biz Azərbaycanı təmsil edirik. Hər il ən azından əvvəlki ildəki nəticəni təkrarlaya bilirik. Məqsədimiz bayrağımızı daha da irəli aparmaqdır, daha yaxşı nəticələr əldə etməkdir. Hamımız işimizə bu məsuliyyətlə yanaşırıq. Avrokuboklarda püşkün də böyük rolu var. Rəqiblərin kim olacağı önəmlidir. Əlimizdən gələni edəcəyik.

- Yeni transferlər olacaq?

- Sözsüz ki, olacaq. Amma biz bu barədə heç vaxt danışmırıq. Bu, baş məşqçi Qurban Qurbanovun səlahiyyətindədir. Olacağını bilirik. Amma bu gün nə ad çəkə bilərəm, nə də başqa məlumat verə bilərəm.

- Sirr deyilsə, Qurban Qurbanov neçə transfer istəyib?

- Sirr deyil, amma bilmirəm.

- Mətbuatda "Qarabağ"ın yüksək ödənişli futbolçular transfer edəcəyi yazılır. Bu haqda nə deyə bilərsiniz?

- "Qarabağ"ın bir standartı var. Heyətimizdə olan futbolçulara nə qədər ödəyiriksə, yeni gələnlər də o qədər ödəyəcəyik. Balansı qoruyacağımıza inanıram.

- 10-cu çempionluqla Azərbaycan 2-ci ulduzu taxan ilk komanda oldunuz. Növbəti çempionluqlar üçün 3-cü ulduz komandanı nə dərəcədə motivasiya edəcək?

- Əlbəttə ki, bu, bizi çox sevindirir. Motivasiya cəhətdən bəli, amma məsuliyyət daha böyükdür. Biz hər zaman daha yaxşı nəticələr əldə etməliyik. Bunun da 3-cü ulduzu gətirəcəyinə inanıram. İnşallah burada sizinlə birlikdə 3-cü ulduzu da qeyd edərik.

- Komandadan mövsümün sonunda kimlər gedəcək?

- İnanın ki, bilmirəm. Bunun üçün bazar günü keçirəcəyimiz oyunu gözləyək. Son matçdan sonra daha detallı məlumatlar klub tərəfindən veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi