Zaur Ramazanov: “Mən belə çempionatda 40 qol vurardım”

19 May 2023 20:00 Müsahibə 2 202
Zaur Ramazanov: “Mən belə çempionatda 40 qol vurardım”

Premyer Liqa sona yaxınlaşdıqca həyəcan artmaqdadır.

Medalçıların adına çoxdan aydınlıq gəlib.

İndi sual doğuran məqam avrokuboklara dördüncü vəsiqənin hansı komandaya nəsib olacağı və təbii ki, elitanı hansı komandanın tərk edəcəyidir.

Bombardirlərin mübarizəsində də amansız mübarizə gedir. Ramil Şeydayev 22 qolla siyahıya başçılıq etsə də, ondan 2 qol az vuran Musa Qurbanlının ən yaxşı olmaq şansı az deyil.

Bu və digər mövzularda söhbət etmək üçün futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq üzvü, ölkə çempionatlarının ikiqat bombardiri Zaur Ramazanovla əlaqə saxladıq.

- Çempionat oyunlarını diqqətdə saxlayırsız?

- Əlbəttə. Elə indi Yunis Hüseynov və Hüseyn Məhəmmədovla birgə “Sumqayıt” – “Sabah” oyununa baxırdıq.

- Premyer Liqa kənardan necə görünür?

- Yaxşıdır, pis deyil. İkinci “5-liy”in mübarizəsi ilk “5-lik”dən daha maraqlı keçir. Sonuncu olmamaq üçün yarışanların oyunları həyəcanlı alınır.

- Sonuncu pillə ilə bağlı nə düşünürsüz? Sizcə, yüksək dəstəni hansı komanda tərk edəcək?

- “Şamaxı”nın şansı az görünür. “Səbail”in yaxşı sponsoru var, heyəti də güclüdür. Mənə elə gəlir ki, “Səbail” bu cəhətlərinə görə Premyer Liqadakı yerini qoruyacaq. Son oyunlarına baxıram, “Şamaxı” çox zəifləyib, əvvəlki komanda deyil.

- Sanki komanda ruhdan düşüb, əvvəlki motivasiya yoxdur.

- Çempionatın gedişində gənc futbolçular meydanda can qoyurdu, nəticə qazanmaq üçün əlindən gələni edirdi. İndi sanki uduzanda da sakit uduzurlar. Bilmirəm nədəndir, amma son iki oyunda belə zəifləyiblər.

- Sizcə, elitanı tərk edən olacaq? Əksəriyyət indiki komandaların qalacağını, hətta əlavə iki komandanın Premyer Liqaya gələcəyini iddia edir.

- Mən də qulaq yoldaşıyam, ordan-burdan eşidirəm. Deyirlər, bir komanda çıxacaq, yerinə “Araz Naxçıvan” gələcək. Lakin nədənsə mənə elə gəlir ki, dəyişiklik olmayacaq. Növbəti çempionat indiki komandalarla başlayacaq. Adam “Şamaxı”nın getməsini də istəmir. Hamısı azərbaycanlı uşaqlardır, aralarında perspektivli futbolçular var. Bu il azı 4-5 nəfər Premyer Liqa təcrübəsi qazandı. İnkişaf adına belə komandalar bizə lazımdır. Yerli futbolçulara ən çox “Şamaxı”da şans verilir, öz balalarımızdır.

- “Səbail” mövsümə Mahmud Qurbanovun rəhbərliyi altında başlamışdı ki, siz də həmin vaxt məşqçilər heyətində yer almışdız. Şahin Diniyevin gəlişindən sonra nəticələr göz önündədir. Məqsəd Premyer Liqada qalmaq idisə, Qurbanov bunu bacara bilərdi?

- Əlbəttə, bundan da artıq olardı. 5 aydan sonra məşqçi dəyişmək nornal hal deyil. Halbuki, 6-cı pillədə yer alan komandayla aramızda 3-4 xallıq fərq var idi. Çempionatda qalmaq yox, daha çox xal toplamaq, ölkə kubokunda “Qəbələ”ni keçmək olardı. Qış fasiləsində 3-4 legioneri dəyişmək fikrimiz var idi. Onları yola salıb, yerinə başqalarını gətirməklə vəziyyəti xeyli düzəltmək olardı. Nəticə qazanmaq üçün işləyə-işləyə öyrənməlisən, bilməlisən.

- Ölkə çempionatlarının ikqat bombardiri olduğunuzu nəzərə alsaq, yəqin ki, bombardirlər yarışını diqqətdə saxlayırsız.

- Baxıram, baxıram...

- Sizcə, ən yaxşı adını Ramil Şeydayev qazanacaq, yoxsa Musa Qurbanlı?

- Vallah, çempionatımız elədir ki, hansısa futbolçu bir oyunda 4 qol vura bilər. Belə çempionatda mən 40 qol vurardım. 2 top fərqi heç nədir, Musa rahat şəkildə Ramili keçə bilər. Musanın "vuran ayağ"ı var, “açılmağı” xoşuma gəlir. Hər şey öz əlindədir. Qarşıdakı 2 oyunda özünü göstərə bilsə, qalib olacaq. Nədənsə mənə elə gəlir ki, Musa Ramilə çatacaq. Növbəti oyunlarda penaltilər olmasa, Musanın qalib olmaq şansı çoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"