
"Sabah" və "Beşiktaş" arasında baş tutan dostluq matçından (3:3) sonra qonaqların məşhur hücumçusu Cenk Tosun Sportinfo.az-a müsahibə verib.
- Qardaşlıq matçı ilə bağlı təəssüratların necədir?
- Çox xoş anlar yaşadıq. Azərbaycan bizə doğma məkandır. Stadionda gözəl atmosfer vardı. "Sabah"ı da təbrik etmək istəyirəm. Çox yaxşı komanda qurublar.
- Azarkeşlərin sənə qarşı xüsusi münasibəti vardı. Bu barədə nələr deyə bilərsən?
- Hər birini çox sevirəm. Bura bizim ikinci vətənimizdir. Gələn azarkeşlərin hər birinə təşəkkür edirəm.
- Azərbaycan futbolu ilə bağlı düşüncələrin necədir?
- "Qarabağ"ın Avropada uğurları ortada. Çox yaxından izlədiyim bir komandadır. Böyük işlər görürlər. "Sabah"ı da bu gün bəyəndim. Görünən odur ki, Azərbaycan futbolu inkişafda.
- Gələcəkdə təklif olsa, karyeranı ölkəmizdə davam etdirməyə necə baxarsan?
- Hazırda "Beşiktaş"ın futbolçusuyam. Məncə, bunu cavablamağım yanlış olar. Amma bir daha deyirəm burası ikinci vətənim. Oynamaqdan şərəf duyaram.
XANOĞLAN İMANOV