"Neftçi"dən qisas almaq – Belə bir fikirləri varmı?

4 May 2023 19:40 Müsahibə 616
"Neftçi"dən qisas almaq – Belə bir fikirləri varmı?

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportinfo.az-a müsahibə verib.

Təcrübəli oyunçu son turda "Zirə" üzərində qazandıqları parlaq qələbə (3:1) haqqında danışıb, gələcək məqsədlərindən söz açıb.

- Çətin "Zirə" səfərindən sanki asan qələbə ilə qayıtdınız. Bu, necə baş verdi?

- "Zirə" hər komandaya qarşı fərqli oyunla yadda qalmağı bacaran kollektivdir. Çətin olacağını yaxşı bilirdik. Erkən qol vurduq. Bundan sonra rəqibin toparlanması çətin oldu. Asan qələbə olduğunu deməzdim. Düşünürəm ki, "Zirə"ni düzgün analiz etmişdik.

- Matçın gedişində artıq sosial şəbəkələrdə baş hakimin qərarları ciddi müzakirələrə yol açdı. Rauf Cabbarovin idarəçiliyi barədə nə deyə bilərsən?

- Hakimlər haqqında danışmağı sevmirəm. Səhv qaçılmazdır. İnsanıq, hamımız səhv edə bilərik. Oyunun gedişində çılğın ola bilərəm, amma kənarda heç vaxt danışmamışam.

- Bir neçə gün əvvəl "Neftçi"dən üzücü məğlubiyyət almışdınız. Həmin görüşün şokundan qısa müddətdə necə çıxa bildiniz?

- Həqiqətən son dəqiqədə gələn qollara çox üzülmüşdük. Gecələri belə yatmaq olmurdu. Hər epizod gözümüz önündə canlanırdı. Çox istərdi ki, finalda olaq. Bəlkə də bunu bacarsaydıq, bu oyun tam fərqli ola bilərdi. Məşqçilər heyəti futbolçuları yığıb bildirdi ki, belə oyunlardan sonra toparlanmaq vacibdir. Çempionatdakı yerimiz də bizi xallar qazanmağa vadar edir.

- "Neftçi"dən söz düşmüşkən, qarşıdakı tur bakılıları qonaq edəcəksiniz. Qisas almaq barədə düşünürsüz?

- Növbəti ağır oyun bizi gözləyir. Rəqib də qələbə qazanmaq istəyəcək. Evdə oynamağımızdan yararlanmağa çalışacağıq. Qələbə qazanmaq istəyirik, amma qisas haqqında qəti düşünmürük.

- Son qələbə ilə Premyer Liqada qalmaq vəzifəsinin tam yerinə yetirildiyini düşünmək olar. Qalan 4 turda məqsədiniz nə olacaq?

- Futbolda hər şey ola bilər. Ona görə də meydana çıxdığımız hər oyunda məqsəd qələbə olacaq. Bizi tək qoymayan azarkeşləri sevindirmək istəyirik. Hər dəfə 400 km-dən artıq məsafəni qət edib səfər matçlarına gələn və axşam oyundan sonra gecə saatlarında Tovuza qayıdan fanatlarımızı sevindirmək istəyirik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti