“Bu, mənim borcumdur” - Millinin “Sabah”dakı yarımmüdafiəçisi

27 Aprel 2023 22:20 Müsahibə 738
“Bu, mənim borcumdur” - Millinin “Sabah”dakı yarımmüdafiəçisi

“Sabah”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Sportinfo.az-a müsahibə verib.

- “Turan Tovuz”la səfər qarşılaşmasında vurduğunuz hər iki qolda yaxından iştirak etdin. Oyunla bağlı düşüncələrin necədir?
- Fikrimcə, yaxşı oynadıq. Əsas odur ki, əlimizə düşən imkanlardan yararlanmağı bacardıq. “Turan Tovuz” çox yaxşı rəqibdir. Bakıda bizi udmuşdular. Əsas heyət üzvlərinin əksəriyyəti meydanda olmasa belə, layiqli mübarizə apardılar. Hər epizodda sona qədər döyüşürlər, hakimin final fitinə qədər təslim olmurlar. Bu cür komandanı məğlub etmək xoşdur.

- Sanki əsas heyət üçün darıxmışdın...

- Son vaxtlar az oynasam da, meydanda olduğum müddətdə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Özümü yaxşı hiss edirəm. Hücumlar zamanı qol ötürmələri vermək imkanım var idi ki, bunu etdim. Komandama kömək etmək borcumdur.

- Görüşün ilk 10 dəqiqəsində çətinlik çəkməyiniz hiss olunurdu. Start həyəcanı idi?

- Həyəcan deməyək. Meydan süni örtükdür deyə, uyğunlaşmaq müəyyən vaxt aparır. Daim təbii örtükdə oynamağımız Tovuzda işimizi çətinləşdirmişdi. “Sintetika”ya öyrəşəndən sonra oyunumuzu göstərə bildik. Ümumiyyətlə, süni örtüklü bütün meydanlarda problemlə üzləşirik.

- Bakıda oynamaqla bölgələrdə oynamaq arasında fərq hiss edirsən?

- Tovuzda möhtəşəm ab-havanın şahidi olduq. Açığı, bu cür atmosferdə oynamaq hər bir futbolçu üçün xoşdur. Hətta yerli azarkeşlər öz komandalarına dəstək verəndə belə, bundan motivasiya alırsan. Yeri gəlmişkən, Bakıdan Tovuza iki qrup azarkeşlərimiz gəlmişdi. Fürsətdən istifadə edib onlara təşəkkür etmək istəyirəm. Əlbəttə, bölgələrdə oynamaq xoşdur. Bir şey də var ki, “Sabah”ın ev oyunlarında stadiondakı ab-hava möhtəşəm olur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”