
Premyer Liqanın 31-ci turunda keçirilən “Şamaxı” - “Kəpəz” görüşündə qalib müəyyənləşmədi – 1:1.
Gəncə təmsilçisinin aparıcı fiqurlarından olan nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzaya Sportinfo.az-ın suallarını cavablandırıb.
- Komanda yoldaşların məmnun görünür. Deyəsən, nəticə ürəyinizcə olub.
- Bu cür meydanda oynamaq heç də asan deyil. Süni örtük istər-istəməz oyuna öz təsirini göstərir. Çünki, alışmadığımız haldır. Buna baxmayaraq, əvvəldən sona qədər döyüşərək 1 xal qazandıq. Heç-heçə pis nəticə deyil. Üstəlik, “Şamaxı”nın öz meydanında çox yaxşı mübarizə apardığını da unutmamalıyıq.
- Kənardan 1 xala razı olmağınız açıq-aşkar görünürdü.
- Düzünü desəm, bura qələbə dalınca gəlmişdik. Amma çətinliklərlə üzləşdiyini düşünəndə, 1 xala da şükür etməli olursan. Növbəti matçımız “Sumqayıt”a qarşıdır. İnşallah, qələbə qazanıb, azarkeşlərimizi sevindirərək.
- Bu gün “Zirə”nin sıralarında olmadığına görə məyus deyilsən ki?
- Nə mənada?
- Sabiq komandan avrokuboklara vəsiqə uğrunda mübarizə aparır, yayda Konfrans Liqasında iştirak etmək şansı var.
- Xeyr, məyusluğum yoxdur. Bu gün “Kəpəz”dəyəm və özümü xoşbəxt hiss edirəm. “Zirə”də başıma gələnlərdən heç kimin xəbəri yoxdur. Klubdakılar bilir, bir də mən. Amma bu barədə danışmayacam.
- “Zirə”dən ayrılmaq öz qərarın idi, yoxsa Rəşad Sadıqovun?
- Baş məşqçinin. Aramızda müəyyən şeylər yaşandı. Nə baş verdiyini özləri bilir. Vacib olan odur ki, futbolumu oynayıram, komandama kömək edirəm və xoşbəxtəm.
HƏBİB