Azərbaycan klubunun yeni sahibi "Sportinfo"ya danışdı

17 Aprel 2023 15:00 Müsahibə 2 205
Azərbaycan klubunun yeni sahibi "Sportinfo"ya danışdı

“Turan Tovuz” Premyer Liqanın 30-cu turu çərçivəsində “Kəpəz”in qonağı oldu.

Qəbələdə keçirilən qarşılaşma Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə (0:1) başa çatdı.

Qərb derbisini izləyənlər arasında Tovuz təmsilçisinin baş sponsoru olan “Huner Group”un rəhbəri Ehtiram Quliyev də yer almışdı.

Rəhbər şəxs qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Öncə qərb derbisindən başlayaq. Təəssüratlarınız necədir?

- Çox maraqlı matç oldu. Hər iki komanda maraqlı oyun nümayiş etdirdi. Nəticəyə baxmayaraq, bu bizi məmnun elədi. Təbi ki, xal qazanmaq istəyirdik. Hər oyuna xal qazanmaq üçün çıxırıq. Amma futboldur və bu oyunun gözəlliyi elə bundadır. Əsas oyunumuzdur, ondan razı qaldıq.

- Diqqət yetirdik, oyundan sonra “Kəpəz” klubunun rəhbərliyi ilə səmimi söhbətləşirdiniz. Sirr deyilsə, nə barədə danışırdınız?

- Futbolumuz barədə danışdıq. Ortaq dərdlərimiz çoxdur. İşıqlandırma sistemi onlarda da yoxdur, stadionların ot örtüyünün vəziyyətini müzakirə etdik. Bu il hər iki klubun Premyer Liqada ilk mövsümüdür. Ona görə bizi bir-birimizdən yaxşı heç kim başa düşə bilməz. Əksiyimiz çoxdur. Bizə bir neçə il vaxt lazımdır ki, özümüzə gələk, toparlanaq, problemlərimizi həll edək.

- Zamandan əlavə yəqin ki, yeni maliyyə resursları da lazım olacaq...

- Maliyyə hər şey demək deyil. Maliyyənin olmasının, azlığı-çoxluğu bir məna daşımır. Bizim bir idman meydançamız var. Bütün aşağı yaş qrupları, əvəzedici, əsas komanda orada məşq edir. Və o süni örtükdür. Birazdan havalar isinəcək. Orada günvurmalar olur. Oyunçuların halında pisləşmələr, zədələnmələr olur. Bu problemləri həll etmək lazımdır. Problemləri həll etmədən pulla idman naliyyəti, heç bir şey olmur. Birinci ot örtüyünü dəyişməliyik. Niyə edə bilmirik? Əlavə meydançamız yoxdur. Əlavə meydança salmaq istəyirik, amma yerimiz yoxdur. İnfrastruktur elə qurulub ki, bir gündə heç nəyi dəyişmək olmur. Ona görə maliyyə vəsaitindən əvvəl infrastrukturu düzəltməliyik. Daha sonra tovuzlu azarkeşlər yaxşı nəticələr görəcəklər. “Turan” azarkeşləri ona layiqdirlər.

- “Turan Tovuz” bu mövsüm nəticələri ilə müzakirə olunurdu. Amma ötən tur “Şamaxı” ilə oyundan sonra azakeşlərin baş məşqçi Ayxan Abbasova ünvanlanan gözlənilməz “istefa” şüarları klubla bağlı gündəmi dəyişdi. Sizin bununla bağlı fikirləriniz necədir?

- Biz Ayxan müəllimlə hər zaman görüşürük, söhbət edirik. Tərəfdarlar emosiyalarını bildirməkdə sərbəstdirlər. Əsas onları yönləndirən, ortalığa fərqli tələblər sürən olmasın. Kim istəməz? Biz də istəyərik çempion olaq, yaxşı nailiyyətlər əldə edək. Amma real danışmaq lazımdır. Ayxan müəllimə tam güvənirik, arxasındayaq. Ona görə 3 illik müqavilə imzalamışıq, uzun bir yola çıxmışıq. Bunu dəyişmək planımız yoxdur. Bir yerdə başlamışıq, bir yerdə də addımlayacağıq.

- Başqa sponsorlardan, bu sahəyə gələn yeni gələn şəxslərdən fərqli olaraq futbolla bağlı çox rahat danışırsınız. Sanki neçə illərdir bu işin içindəsiniz...

- Ölkə futbolunun problemləri azarkeş olaraq həmişə məni maraqlandırıb. Hər zaman izləmişəm, çox fikir yürütmüşəm. Futboldan kənar qalmamışıq. İndiki düşüncələrimizin, problemləri köklü həll eləməyimizin, gələcək yönlü addımlarımızın altında bunlar durur.

- Əvvəllər sponsorların düşüncəsi fərqli idi. Transferlər edib, nəticə qazanmağı hədəfləyirdilər...

- O, müvəqqəti problem həlli idi. Elə düşünən insanlar qısa müddətli nəticə qazanırlar. Amma bizə nəsib olsa, belə müddətimiz olsa, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düzgünü elə budur. Düzgün addımlar atılmasa, keçici olacaq. Məsələn, bu il turnir cədvəlində 5-ci olsaq, gələn il 10-cu ola bilərik. İnfrastrukturumuzu düzəltmədən idman nailiyyətindən danışmaq tezdir.

- Tovuz şəhər stadionu ilə bağlı işlər görüldüyü məlumdur. Hazırda nə kimi yeniliklər var?

- İşıqlandırma sistemi ilə bağlı işlərimiz gedir. Çox ciddi tədarük problemləri ilə üzləşmişik. Hər şey görünən kimi deyilmiş, çox qəliz imiş. Məlum olduğu kimi, tablonu həll etmişik. Yayım üçün lazım olan teleqüllələrin üçünü də quraşdırdıq. Artıq aprelin 19-da “Neftçi” ilə kubok oyununa bu məsələ həllini tapmış olacaq. Oyun qarşı tribunadan yayımlanacaq. İşıqlandırma sistemi ilə bağlı işləri ümid edirik ki, avqust ayına qədər bitirəcəyik.

- Yeri gəlmişkən, qarşıdan “Neftçi” ilə kubok oyunları gəlir. Komandadan sürpriz gözləyirsinizmi?

- Realist olmaq lazımdır. Çətindir, amma oyunçularımıza güvənirik. “Neftçi” çox böyük komandadır. Bizdən çox üstündürlər, amma biz əlimizdən gələni edəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti