Orxan Məmmədov: "Avropa çempionluğundan sonra lazım bildik ki…" - MÜSAHİBƏ

7 Aprel 2023 17:10 Müsahibə 666
Orxan Məmmədov: "Avropa çempionluğundan sonra lazım bildik ki…" - MÜSAHİBƏ

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Minifutbol turnirinin püşkatma mərasimindən sonra jurnalistlərə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, Məmmədov Bakıda yeni, müasir minifutbol arenasının inşa olunacağını da bildirib.

- Turnirin püşkatması keçirildi. Millimizin şanslarını dəyərləndirərdiniz....

- Bildiyiniz kimi, bu il Heydər Əliyev ilidir. Bununla bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir. Minifutbol federasiyası olaraq, özümüzə borc bildik ki, ümumilli liderin adı ilə bağlı minifutbol turniri təşkil edək. Rəqiblərimiz də sağolsun, bu təklifə müsbət yanaşdılar və turnirdə iştirak etməyə razılıq verdilər. Əlbəttə ki, komandaların içərisində güclü, dəfələrlə çempionluq yaşamış kollektivlər də var. Biz bu turnirə son Avropa çempionu kimi qatılırıq. Doğma divarları və turnirin ümumilli liderimizin adını daşıdığını nəzərə alaraq, məqsədimiz bu turnirdə çempion olmaqdır. Ən əsası da komandamıza cəlb olunan yeni oyunçulara şans tanımaq istəyirik. Çünki qarşıda dünya və Avropa çempionatları bizi gözləyir. Biz dostluq turniri keçiririk. İnanırıq ki, hər şey dost mühitində də keçiriləcək. Qonşu, dost, qardaş ölkələr turnirdə iştirak edəcək. İnanırıq ki, bu turnir yaddaşlarda qalacaq.

- Milli komandaya yeni cəlb olunacaq futbolçuları ölkə çempionatından seçəcəksiniz, yoxsa karyerasını başa vurmuş veteranları dəvət edəcəksiz?

- Bu məsələyə baş məşqçi baxır. Ölkə çempionatı bir müddətdir davam edir. Komandalar arasında böyük rəqabət və həvəs var. Kollektivlərdə yeni simalar görə bilərsiz. Bu mənada, məşqçinin işi heç də asan deyil. Çünki milliyə cəlb oluna biləcək kifayət qədər oyunçulara sahibik.

- Məlumata görə, yeni minifutbol meydançasının tikintisi ilə bağlı işlər davam etdirilir. Həmin arena nə vaxta hazır olacaq?

- Avropa çempionluğundan sonra böyük meydançamızın olmasını lazım bildik. Bakıda çoxlu sayda minifutbol meydançaları var. Amma standartlara cavab verən, böyükmiqyaslı turnirlər keçirmək istəyimizi nəzərə alaraq bu layihəni hazırladıq. Artıq şəhərsalma ilə işləyirik, müvafiq sənədləri təqdim etmişik. Arenanın yerini hələ müəyyən edirik. Tez bir zamanda bunu müəyyən edərək, geniş kütləyə yayacağıq.

Digər Xəbərlər
Xəbər Lenti