"Sabah"ın müdafiəçisi Con İrasabal Sportinfo.az-a müsahibə verib.
İspaniyalı legioner Premyer Liqanın son turunda "Qəbələ" üzərində qazandıqları əzmkar qələbədən (3:2) danışıb, Masazır təmsilçisinin ilk dəfə avrokuboklara vəsiqə qazanmasından söz açıb.
- "Qəbələ" ilə oyunla bağlı nə deyə bilərsən?
- Çətin oyun alındı. “Qəbələ” ilə əvvəlki oyunlarımız da çətin keçmişdi. Bu dəfə də istisna olmadı. Rəqib oyunu elə qurmuşdu ki, kombinasiyalı hücum etmək çətin idi. Onlar çox pressinq edirdilər, bu da istədiyimiz oyunu sərgiləməyə mane olurdu. Buna rəğmən, sona kimi mübarizə apardıq. Hesabda geri düşsək də, matçın sonlarında bizə lazım olan qolları vuraraq, görüşdən 3 xalla ayrılmağı bacardıq. Qalib gəldiyimizə görə şadam.
- Komanda bu qələbə ilə tarixində ilk dəfə avrokuboklara vəsiqəni təmin etdi. Nə hisslər keçirirsən?
- Mövsümdə ilk məqsədimizə çatdığımıza görə çox şadıq. Lakin bununla kifayətlənməməliyik. Mövsüm hələ bitməyib. Qarşıda bizi daha 8 oyun gözləyir. İndi bu matçlara köklənməliyik. Hər oyundan maksimum nəticə ilə ayrılmaq istəyirik.
- Qələbə qoluna komanda xüsusi sevindi. Bu, avrokuboklara vəsiqə ilə bağlıydı, yoxsa dramatik keçən matçla?
- Məncə, bu, avrokuboklara vəsiqə ilə yox, sırf gərgin keçən matçla bağlı idi. Bizim üçün çox çətin oldu. Lakin hesabda geri düşdüyümüz anda belə qələbəyə inamımızı itirmədik. Və bunu əldə etməyi bacardıq. Qol sevincinin böyük coşquyla qeyd edilməsi məncə, məhz bununla bağlı idi.
- Növbəti matçda "Səbail"lə qarşılaşacaqsız. Bu oyundan gözləntin nədir?
- “Səbail” həmişə bizə çətinlik yaratmağı bacarıb. Bu komanda ilə oyunlar çətin keçir. Buna görə də, bu qarşılaşmaya yaxşı köklənməliyik. Oyun zamanı top bizdə olduğu zaman konsentrasiyanı itirməməli, topu itirdikdə isə yaxşı pressinq tətbiq etməliyik. Hər oyunda olduğu kimi bu matça da qələbə üçün çıxacağıq.
XANOĞLAN İMANOV