"Yaxşı yerlərdə olmaq istəyirik, amma..." - Ağayevin arzuları

18 Mart 2023 21:00 Müsahibə 734
"Yaxşı yerlərdə olmaq istəyirik, amma..." - Ağayevin arzuları

"Qəbələ"nin qapıçısı Səlahət Ağayev "Şamaxı" üzərində qələbə qazandıqları oyundan (2:0) sonra Sportinfo.az-a müsahibə verib.

- Qələbə barədə nə deyərdin?

- Neçə görüş idi qalib gələ bilmirdik. Oyun çox vacib idi. Həm inamı geri qaytarmaq, həm də "Zirə" ilə yaxınlaşmaq baxımından.

- Premyer Liqada “Zirə” ilə xal fərqi birə endi. Ölkə kubokunda da mübarizəniz davam edir. Avrokuboklara vəsiqə qazana biləcəksiz?

- İndidən nəyisə demək çətindir. Hər iki cəbhədə sona kimi mübarizəmizi aparacağıq. Qarşıda hələ oyunlarımız çoxdur.

- Milli komandanın qarşıdakı oyunları barədə nə düşünürsən?

- Dəvət almağımı sizdən eşidirəm (gülür). Əgər siyahıda mən də varamsa, çox şadam. Hər bir futbolçu milli komandada olmaqdan xoşbəxtdir. Kimin meydanda olacağına baş məşqçi qərar verəcək. Amma kimin meydanda olacağından asılı olmayaraq əsas olan komandamızın uğurlu nəticə qazanmasıdır. Hamımız əlimizdən gələnin ən yaxşısın edəcəyik.

- Səninlə bərabər gənc Yusif İmanovu da əsas milli komandaya dəvət ediblər. İstisna deyil ki, əsas qapıçı o olsun…

- Yusiflə "Sabah"da bir yerdə komanda yoldaşı olmuşuq. Gənc olmasına baxmayaraq, yaxşı perespektivi var. Amma hər şey baş məşqçinin qərarından asılıdır. Biz də buna hörmətlə yanaşırıq. Əsas odur ki, milli komandamız üçün hər şey yaxşı olsun.

- Özün də gənc olmusan. Yusif üçün birdənbirə belə oyunlar çətin olmaz?

- Əlbəttə, elə düşünmürəm. Allah yolunu açıq etsin. Mən də Yusif kimi cavan olmuşam. Kamran Ağayev vərəqə cəzalısı olduğu üçün İrlandiyaya qarşı mən oynamalı olmuşdum. İnşallah, oynasa uğurlu olar.

- Sonuncu dövrə həm siz, həm də “Zirə” çox xal itirdiniz. Bu, nə ilə bağlıydı?

- Futbolda belə şeylər olur. Biz də yaxşı yerlərdə olmaq istəyirik. Amma hələ heç nə bitməyib. Bunu nəyəsə bağlamazdım.

- Bu gün bacıoğlun Qurban Səfərovla növbəti dəfə rəqib oldunuz…

- Uğurlar arzu edirəm. Onun işi qol vurmaqdı, mənim də işim qolun qarşısın almaq (gülür).

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti