“Çempionatda yeganə komandayıq ki...” – Kapitan açıq danışdı

16 Mart 2023 16:00 Müsahibə 710
“Çempionatda yeganə komandayıq ki...” – Kapitan açıq danışdı

“Turan Tovuz” “Qəbələ” ilə oyundan heç-heçə ilə ayrılmağı bacardı.

Öncəki iki turda məğlubiyyət acısı yaşayan tovuzlular güclü rəqib qarşısında tab gətirməklə 1 xalı aktivinə yazdı.

Komandanı meydana kapitan qismində çıxaran Kamal Bayramov Sportinfo.az-ın suallarını cavablandırıb.

- “Turan Tovuz” xoş təsir bağışlasa da, sanki çempionat yolu ilə avrokuboklara vəsiqə qazanacağınıza inanmırsız. Hədəf elitada qalmaqdır?

- Yayda formalaşmış yeni komandayıq. “Turan Tovuz” uzun fasilədən sonra elitaya qayıdanda əsas məqsəd komandanın sütununu möhkəmləndirmək idi. Premyer Liqada ilk ilimiz olduğu üçün rəhbərliklə məşqçilər heyətinin işləri əsasən bu yöndə gedir.

- Bəs,cari mövsüm üçün hədəfiniz nədir?

- Bu gün qarşımızda yüksək yerlərdən birini tutmaq, ya da avrokuboklara vəsiqə qazanmaq tələbi dayanmır. Məqsədimiz Tovuz futbolunu layiqincə təmsil edərək azarkeşlərimizi sevindirməkdir. Əlbəttə, qələbələr bizi daha da sevindirir. Elə bunun üçün də hər matça 3 xal üçün çıxırıq. Sadəcə, bəzən alınır, bəzən yox.

- “Turan Tovuz”u müdafiə futbolu oynayan komanda kimi təqdim edənlər var. Bu fikirlə razısan?

- Xeyr, razı deyiləm. Çempionatda yeganə komandayıq ki, rəqiblərə qarşı iki hücumçu ilə oynayırıq. Rəqibin adının fərqi yoxdur – “Qarabağ” olsun, yaxud aşağı pillələrdə yer alan komandalar. “Turan Tovuz”u təhlil edən komandalar bunu yaxşı bilir. Ona görə də bu fikirlə razı deyiləm.

- Natan Oduva olmayanda, komandanın oyununda sanki şirinlik çatmır.

- Natan “Qəbələ”yə qarşı oynamalıydı. Sadəcə, matçöncəki məşqdə zədəsini yenilədi. Natan komandamız üçün çox vacib futbolçudur. Əlbəttə, olmayanda yeri görünür. Amma Belajdi Pusi “Qəbələ”yə qarşı xoş təsir bağışlamaqla özünü yaxşı tərəfdən göstərdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!