De Byazi milliyə dəvət edəcəyi 3 futbolçunun adını çəkdi, bir sualı cavabsız qoydu

11 Mart 21:20 Müsahibə 3 629
De Byazi milliyə dəvət edəcəyi 3 futbolçunun adını çəkdi, bir sualı cavabsız qoydu

"Turan Tovuz" - "Qəbələ" matçını (1:1) izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi də vardı.

Bir gün əvvəl Gəncədə olan italyan çalışdırıcı şənbə günü Tovuza təşrif buyurmuşdu.

Matç başa çatandan sonra gülərüz görünən baş məşqçi jurnalistlərin suallarını məmnuniyyətlə cavablandırdı.

- İki gündür bölgə oyunlarındasız. Fikirlərinizi eşitmək maraqlıdır.

- Sabah da “Şamaxı” ilə “Neftçi” arasındakı oyunu izləyəcəm. Bu gün çox gözəl matç oldu. Son saniyəyə kimi meydanda mübarizə gedirdi. Dünən Gəncədə də maraqlı görüş izləmişdik. "Kəpəz"in daha çox qol imkanları oldu, fikrimcə, yaxşı oynadılar. Hətta qələbə də qazana da bilərdilər.

- Bölgələrdə əsl futbol atmosferini hiss edə bilirsiz?
- Gəncədə oyun həftəiçi keçirildi. Düşünürəm ki, şənbə-bazar günləri matçlara daha çox azarkeş gəlir. Televiziyadan izləyəndə görmüşəm. Belə atmosferdən çox xoşum gəlir. Azarkeş dəstəyi futbolçuları da həvəsləndirir.

- Bakıdakı oyunları izləmək maraqlıdır, yoxsa bölgədəki?
- Atmosfer baxımından bölgələrdəki oyunlar daha yaxşıdır. Çünki, tribunalarda çox sayda azarkeş olur. Amma Bakıda keyfiyyət baxımından daha güclü komandalar oynayır. Həmin klublarda millinin daha çox oyunçuları var.

- Gəncə və Tovuzdakı qarşılaşmalarda yeni futbolçular kəşf edə bildiz?
- Bütün matçlara baxıram. Hər oyun mənə mesaj verir. Köməkçilərimlə birlikdə hər şeyi nəzarətdə saxlayırıq. GPS-lə bütün futbolçuları izləyirik. Bunun nəticəsində kimin hansı formada olduğunu bilirik.

- Bu dəfə millidə yeni adlar olacaq?
- Mənə bir həftə vaxt verin, biləcəksiz.

- Mövsümün sonunda bir komanda Premyer Liqanı tərk edəcək. İkinci “5-lik”dəki rəqabət haqda nə deyə bilərsiz?
- Bu, çox yaxşıdır. Çempionatı hansısa komanda tərk etməyəndə rəqabət olmur. Təzyiqin olması çox yaxşıdır. Çünki, çempionatda fərqli atmosfer yaradır.

- Maksim Medvedev milliyə çağırılacaq?
- Bir həftə gözləyin.

- Mahir Emrelinin durumu sizi qane edir?
- Emreli ilə tez-tez danışıram, oyunlarını izləyirəm. Son görüşdə 58 dəqiqə oynadı. Düzünü desəm, çox da yaxşı oynamadı. Amma ilk matçı idi. Ümid edirik ki, yaxşı formada olacaq. Fiziki baxımdan hazır olması bizim üçün üstünlükdür.

- Anton Krivotsyukla Renat Dadaşovu da diqqətdə saxlayırsız yəqin.
- Əlbəttə. Renat yaxşı fornadadır. Bütün oyunlarına baxıram. Antonun komandası bu gün səhər oyun keçirdi, öz meydanında heç-heçə oynadılar.

- Millidə olacaqlar?
- Əlbəttə.

- Milli son 5 matçda cəsarətli futbol oynadı. Həmin cəsarəti növbəti oyunlarda görə biləcəyik?
- Maksimumumuzu göstərməyə çalışacağıq. Uduzmaq üçün oynamırıq. Bəzən elə rəqib olur ki, bizdən güclüdür, daha motivasiyalı olurlar, topla yaxşı davranırlar.

- Qarşıdakı matçlardan gözləntiləriniz nədir?
- Hec vaxt proqnoz vermirəm. Reallığa baxmağa çalışıram. Məşqlərə başlayanda durumumuza baxacağıq.

- Avstriya və İsveçlə səfər qarşılaşmalarında sizi necə xal razı salacaq?

- Buna cavab verməyəcəm (gülür və sualı cavablandırmadan uzaqlaşır).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti